"Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" çərçivəsində ölkədə "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin təsis edilməsi qərara alınıb. Sənədə əsasən, bu mərkəz yerli şirkətlərin texnoloji yenilikləri mənimsəməsinə dəstək verəcək xüsusi mexanizmlər formalaşdıracaq.
Mərkəzin fəaliyyəti "öyrən və transformasiya et" prinsipi üzərində qurulacaq. Əsas hədəf biznes proseslərini optimallaşdırmaq, şirkətlərə məsləhət xidmətləri göstərmək və onların rəqabət qabiliyyətini artırmaqdır. İlkin mərhələdə ən azı 25 müəssisənin burada təlimlərə cəlb edilməsi, gələcəkdə isə rəqəmsal transformasiyadan keçən şirkətlərin sayının hər il artırılması planlaşdırılır.
Layihənin icrasında beynəlxalq təcrübəyə, xüsusilə Türkiyənin MEXT Rəqəmsal Bacarıqlar Mərkəzi və Sinqapurun "Digital Capability Center" nümunələrinə istinad ediləcək. Proqnozlara görə, bu modelin tətbiqi işçi məhsuldarlığında 15–30 faiz, sektor üzrə ümumi göstəricilərdə isə 10–30 faiz artıma səbəb olacaq.
