Milyarder investor Tim Dreyper startap təsisçilərindən gələn təqdimatları buz vannasında dinləyib. Tesla, Skype və Twitch kimi şirkətlərə erkən investisiya edən Dreyper bildirib ki, o, təxminən 4°C temperaturda yerləşən buz vannasında 52 dəqiqə ərzində 52 startap təqdimatı qəbul edib.
Tədbir Draper University proqramı çərçivəsində keçirilib. Dreyperin sözlərinə görə, məqsəd sahibkarların stres altında necə düşündüyünü və ideyalarını nə qədər aydın təqdim edə bildiyini görmək olub. O bildirib ki, “ən yadda qalan təsisçilər istənilən şəraitdə ideyasını təqdim etməyə davam edənlər olur”.
Buz vannasında təqdimat edənlər arasında azərbaycanlı sahibkar, illumicell AI startapının həmtəsisçisi Ceyla Sadıqova da yer alıb. O bildirib ki, buz vannası zamanı diqqət yalnız əsas mesaja yönəlir və artıq düşüncələr aradan qalxır.
Sadıqovanın sözlərinə görə, normal təqdimatlar zamanı insanlar nitq, bədən dili və investor reaksiyası barədə paralel düşünür. Buz vannasında isə əsas məqsəd yalnız fikri çatdırmaq və sakit qalmaq olur. O qeyd edib ki, bu təcrübə təqdimatı daha fokuslu və aydın etməyə kömək edib.
Təqdimat zamanı bəzi iştirakçıların dodaqları soyuqdan göyərsə də, Dreyper bu formatın sahibkarların təzyiq altında qərarvermə qabiliyyətini göstərdiyini düşünür. O əlavə edib ki, buz vannasında dinlədiyi bəzi startaplar artıq onun diqqətini cəlb etməyi bacarıb.
Son illərdə Silikon Vadisində buz vannaları və digər “uzunömürlülük” trendləri geniş yayılıb. Bir çox texnologiya rəhbərləri bu üsulların enerjini artırdığını, stressi azaltdığını və məhsuldarlığa müsbət təsir etdiyini düşünür.
