Az | EN

Babək İsmayıl Böyük Britaniyada ilin sahibkarı seçildi

Cəmil Hüseynzadə
07 May 2026 18:19
56 baxış
Babək İsmayıl Böyük Britaniyada ilin sahibkarı seçildi

Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı startap təsisçisi Babək İsmayıl EY Entrepreneur Of The Year UK 2026 müsabiqəsinin London üzrə regional finalçıları sırasına seçilib. O, ölkə üzrə seçilən 90 sahibkar arasında yer alıb. London isə proqramın ən rəqabətli kateqoriyalarından biri hesab olunur. Böyük Britaniya üzrə yekun mərhələyə 10 sahibkar vəsiqə qazanacaq və ümumi qalib 2026-cı ilin noyabrında elan ediləcək.

Babək İsmayıl Böyük Britaniyada fəaliyyət göstərən OneDome startapının qurucusu və baş icraçı direktorudur. 2017-ci ildə yaradılan OneDome daşınmaz əmlak, ipoteka, hüquqi sənədləşmə, sığorta və əməliyyat idarəçiliyini vahid rəqəmsal platformada birləşdirir. Şirkətin məqsədi Böyük Britaniyada mürəkkəb və parçalanmış ev alqı-satqısı prosesini sadələşdirməkdir.

Startap indiyədək ümumilikdə 40 milyon dollara yaxın investisiya cəlb edib. Son investisiya raundunda şirkət 25 milyon dollar vəsait əldə edib. Bundan əvvəl isə Böyük Britaniyanın dövlətə məxsus Channel 4 televiziya kanalından media-for-equity modeli çərçivəsində 7,5 milyon funt sterlinq investisiya alıb.

Hazırda platforma aylıq təxminən 1 milyard funt sterlinq həcmində ipoteka əməliyyatlarını idarə edir və 500-dən çox brokerlə əməkdaşlıq edir. OneDome 2023-cü ildə onlayn ipoteka brokeri Trussle-ı satın alaraq bazardakı mövqeyini daha da gücləndirib. Şirkət Deloitte Fast 50 və Sunday Times Tech 100 reytinqlərində də Böyük Britaniyanın ən sürətlə böyüyən texnologiya şirkətləri sırasında yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az