Az | EN

Bakcell CEO-su Klaus Müller: “Gələcəyimiz innovasiya fokusludur"

Nigar Sultanli
27 Fevral 2025 10:49
718 baxış
Bakcell CEO-su Klaus Müller: “Gələcəyimiz innovasiya fokusludur"

Bakcell şirkətinin baş direktoru Klaus Müller "Media nümayəndələri üçün rəqəmsal savadlılıq" tədbirində çıxışı zamanı şirkətin gələcək strategiyasından və innovasiyalara yönəlmiş inkişaf planlarından danışıb. O, Bakcell-in yalnız bir mobil operator olmadığını, eyni zamanda ölkənin rəqəmsal transformasiyasına töhfə verən aparıcı texnologiya şirkəti olduğunu vurğulayıb.

Müller çıxışında qeyd edib ki, şirkət yalnız mağaza və onun ətrafındakı xidmətlər üzərində deyil, həm də ümumi şəbəkə infrastrukturu üzərində fokuslanır. “Şəbəkəmiz insanları bir araya gətirir və onları birlikdə gələcəyə aparır”, – deyə o bildirib.

“İnnovasiya Bakcell-in gələcək prioritetidir”

Klaus Müller Bakcell-in hər zaman innovasiyaya açıq bir şirkət olduğunu və ölkədə ilk mobil rabitə xidmətlərini təqdim edən öncüllərdən biri olduğunu xatırladıb.

“Üç il əvvəl gələcəyimizi necə formalaşdıracağımızı düşündük və qərara gəldik ki, innovasiya bizim əsas istiqamətimiz olacaq. Startaplar mühümdür, lakin bütövlükdə ölkənin rəqəmsal gələcəyi daha geniş bir transformasiyanı tələb edir”, – deyə Müller vurğulayıb.

Vodafone ilə strateji əməkdaşlıq

CEO çıxışında Bakcell-in Vodafone ilə strateji əməkdaşlığa başladığını da açıqlayıb. Onun sözlərinə görə, bu tərəfdaşlıq şirkətə qlobal telekommunikasiya sənayesində ən qabaqcıl təcrübələrdən faydalanmaq imkanı yaradacaq.

“Əvvəllər biz məhsul ideyalarımızı yalnız öz imkanlarımız çərçivəsində inkişaf etdirirdik. Lakin indi Vodafone kimi qlobal bir gücün resurslarından istifadə edərək daha effektiv həllər yarada bilirik”, – deyə Müller vurğulayıb.

Sonda Klaus Müller tədbir iştirakçılarına təşəkkür edərək, Bakcell-in gələcək planlarının ölkənin rəqəmsal inkişafına töhfə vermək və müştərilərə daha keyfiyyətli xidmətlər təqdim etmək istiqamətində qurulduğunu qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az