Az | EN

“Baku Flames 2026” üçün iştirak və müraciət qeydiyyatı başladı: Yaradıcı sənaye yenidən Bakıda alovlanır

Cəmil Hüseynzadə
14 Yanvar 2026 14:34
51 baxış
“Baku Flames 2026” üçün iştirak və müraciət qeydiyyatı başladı: Yaradıcı sənaye yenidən Bakıda alovlanır

Ötən il regionun yaradıcılıq ekosistemində böyük rezonans doğuran “Baku Flames 2026 Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” geri dönür. Yaradıcı sənayenin bütün sahələrini reklam, dizayn, marketinq və innovasiyalar ətrafında bir araya gətirən festival bu il 15–16 may tarixlərində keçiriləcək. 12 yanvar tarixindən etibarən festivalda iştirak üçün erkən bilet satışı və Flames mükafatları üzrə erkən müraciət rəsmi olaraq açıq elan edilib.

“Baku Flames 2026” yerli yaradıcılar üçün yeni iştirak formatı təqdim edir. Yerli agentliklər, brendlər və frilanserlər tərəfindən göndərilən hər bir iş həm yerli, həm də beynəlxalq müsabiqə kateqoriyalarında qiymətləndiriləcək. İştirakçılar tək bir müraciətlə öz işlərini həm yerli, həm də beynəlxalq münsiflər heyətinə təqdim edərək ikiqat tanınma və mükafat qazanmaq imkanı əldə edəcəklər.

Festival iştirakçıları üçün dörd fərqli bilet növü mövcuddur:

Klassik: Festival boyunca bütün tədbirlərə, təqdimatlara və partilərə giriş

Tələbə: Təhsil alan gənclər üçün daha sərfəli seçim

VIP: Xüsusi zonalara giriş və geniş netvörkinq imkanları

Young Lions: 30 yaşadək yaradıcılar üçün Kannda yarışma imkanı
(yalnız Azərbaycandan olan iştirakçılar üçün)

“Baku Flames” qısa müddət ərzində regionun ən nüfuzlu yaradıcı platformalarından biri olduğunu sübut edib. 2025-ci ilin nəticələri bunu açıq şəkildə göstərir: festival 1 260 yaradıcı sənaye nümayəndəsini bir araya gətirib, müsabiqə üzrə bütün kateqoriyalarda 343 müraciət qeydə alınıb. Beynəlxalq miqyas isə 9 ölkədən 39 spikerin çıxışı və 18 ölkəni təmsil edən 40 nəfərlik peşəkar münsif heyəti ilə təsdiqlənib.

Flames mükafatlara müraciət üçün əsas tarixlər:

  • İlk dedlayn: 20 fevral 2026
  • Əsas dedlayn: 27 mart 2026
  • Son dedlayn: 10 aprel 2026
  • Mükafatların elanı: 15–16 may 2026

Festivalın əsas mövzusu olan “Human After All” texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə yaradıcılığın hələ də insan duyğuları, empatiya və səmimiyyət üzərində qurulduğunu vurğulayır.

Ətraflı məlumat və müraciət üçün: bakuflames.az

© copyright 2022 | tech.az | info@tech.az