Electronic Arts məşhur Battlefield seriyasının kino adaptasiyasına rəsmi olaraq “yaşıl işıq” verib. The Hollywood Reporter-in yazdığına görə, şirkət artıq layihə üçün bir neçə böyük studiya ilə danışıqlara başlayıb.
Filmin çəkilişinə tanınmış rejissor Kristofer Makkuorri böyük maraq göstərir. “Mission: Impossible” filmləri ilə tanınan Makkuorri layihədə eyni vaxtda rejissor, prodüser və ssenarist kimi çıxış etməyi planlaşdırır.
Baş rollardan birinə Maykl B. Cordan namizəd göstərilsə də, onun iştirakı hələ rəsmi təsdiqini tapmayıb. Layihəyə maraq göstərən studiyalar arasında rəqabət davam edir.
Məlumata görə, yaradıcı heyət filmin mütləq kinoteatrlarda nümayişini istəyir. Bu səbəbdən Netflix layihədən kənarda qalır. Paramount Pictures isə artıq Call of Duty əsasında film üzərində işlədiyi üçün “Battlefield” layihəsini götürməyə bilər.
Son məlumatlara əsasən, danışıqlara Apple və Sony də qoşulub. Xüsusilə Apple-ın bu layihəyə marağının yüksək olduğu bildirilir. Şirkətin yeni rəhbərliyinin Apple TV+ platformasını daha rəqabətli etmək istəyi “Battlefield” filminin taleyində həlledici rol oynaya bilər.
