Az | EN

Bill Qeyts 2045-ci ilə qədər 200 milyard dollar xərcləyərək fondunu bağlamağa qərar verib

Nigar Sultanli
09 May 2025 10:53
76 baxış
Bill Qeyts 2045-ci ilə qədər 200 milyard dollar xərcləyərək fondunu bağlamağa qərar verib

Microsoft-un həmtəsisçisi və milyarder xeyriyyəçi Bill Qeyts bu gün elan edib ki, onun rəhbərlik etdiyi Bill və Melinda Qeyts Fondu qarşıdakı 20 il ərzində bütün maliyyə vəsaitlərini xərcləyəcək və fəaliyyətini dayandıracaq. Qeyts şəxsi sərvətinin 99%-ni – hazırda təxminən 107 milyard ABŞ dolları dəyərində qiymətləndirilən vəsaiti – fonda ianə etməyə söz verib. Gözlənilir ki, bu dövrdə fond ümumilikdə 200 milyard dollardan çox vəsait sərf edəcək.

Bu qərar Qeytsin şəxsi və peşəkar həyatında bir sıra əlamətdar hadisələr fonunda verilib. O, bu barədə şəxsi bloqunda – Gates Notes platformasında paylaşım edib:

“Bu qərar mənim üçün dərin düşüncə və qiymətləndirmə anına təsadüf edir. Bu il fondumuzun 25 illiyi ilə yanaşı, bir neçə əlamətdar tarix qeyd olunur: bu il fondun qurulmasında mənə dəstək olmuş atamın 100 yaşı olardı; Microsoft-un 50 yaşı tamam olur; və mən özüm oktyabrda 70 yaşımı qeyd edəcəyəm.”

Hazırkı qərar fondun əvvəlki strategiyasına əsaslı dəyişiklik gətirir. Əvvəllər fondun, Bill Qeytsin ölümündən 20 il sonra bağlanması planlaşdırılırdı. Lakin sağlamlığı yerində olan 69 yaşlı xeyriyyəçi bu planı dəyişərək fondun daha tez – 2045-ci ilə qədər öz missiyasını başa vurmasını qərara alıb.

Bill və Melinda Qeyts Fondu artıq 25 il ərzində 100 milyard dollardan çox vəsait xərcləyərək səhiyyə, təhsil, qlobal inkişaf və gender bərabərliyi sahələrində böyük təsirə malik təşəbbüsləri dəstəkləyib. Fondun əsas diqqət mərkəzində isə aşağı gəlirli ölkələrdə sıx yayılmış və ölümcül nəticələrə səbəb olan xəstəliklər, xüsusilə də malyariya ilə mübarizə dayanıb.

Bu qərar ABŞ-da xarici yardımların kəsildiyi bir vaxtda verilir. Belə ki, Tramp administrasiyası dövründə USAID kimi qurumların büdcəsi əhəmiyyətli dərəcədə azaldılıb. Hər il təxminən 35 milyard dollar idarə edən USAID-in fonunda Qeyts Fondu 2045-ci ilə qədər illik təxminən 9 milyard dollar xərcləməyi planlaşdırır.

Qeytsin bu addımı, ABŞ tarixində inflyasiyaya uyğunlaşdırılmış şəkildə ən böyük ikinci xeyriyyəçilik ianəsi hesab olunur. Ən böyük xeyriyyə töhfəsi isə sərvəti təxminən 160 milyard dollar olan Warren Buffett tərəfindən verilməsi gözlənilir.

Bu təşəbbüs, dünyada qlobal sağlamlıq və inkişaf sahələrində daha davamlı və məqsədyönlü dəyişikliklərə zəmin yaratmaq məqsədi daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az