Az | EN

Builder.ai süni intellekt texnologiyalarını saxtalaşdırdığına görə iflasa uğrayıb

Nigar Sultanli
30 May 2025 15:21
131 baxış
Builder.ai süni intellekt texnologiyalarını saxtalaşdırdığına görə iflasa uğrayıb

Bir vaxtlar 1.5 milyard dollar dəyərində qiymətləndirilən Builder.ai startapı, süni intellekt texnologiyalarından istifadə etdiyini iddia etsə də, əslində illər boyu Hindistandakı proqramçılara əllə kod yazdırmaqla fəaliyyət göstərdiyi üzə çıxandan sonra çökdü.

Şirkət 8 il ərzində Microsoft və Qatar Investment Authority kimi nəhənglər də daxil olmaqla investorlar tərəfindən 445 milyon dollardan çox sərmayə əldə etmişdi. Lakin bu müddət ərzində "AI əsaslı proqram təminatı" adı altında təqdim olunan xidmətlərin əksəriyyəti insan əməyinə əsaslanırdı.

Təsisçi Saçin Dev Duggal, 2025-ci ilin fevralında gəlirləri 300% şişirtməkdə ittiham olunduqdan sonra vəzifəsindən istefa verib. Hazırda Hindistanda çirkli pulların yuyulması ilə bağlı istintaqa cəlb olunub.

2025-ci ilin may ayında bir kreditor şirkətin hesablarından 37 milyon dolları ələ keçirdi. Yalnız 5 milyon dollar vəsait qalıb, lakin həmin vəsait də tənzimləyici orqanlar tərəfindən dondurulub. Nəticədə, Builder.ai bütün öhdəliklərini yerinə yetirə bilmədiyindən iflas üçün müraciət edib.

Bu hadisə, bəzi şirkətlərin süni intellekt sahəsindəki qabiliyyətlərini şişirtməklə necə böyük investisiyalar cəlb etdiyini və investorların AI ilə bağlı iddialara qarşı daha diqqətli və məsuliyyətli yanaşmalı olduqlarını bir daha nümayiş etdirir.

© copyright 2022 | tech.az | info@tech.az