Caucasus Ventures iki yeni startapın portfelinə qoşulduğunu elan edib. Azərbaycandan çıxan qlobal düşüncəli təsisçilər tərəfindən qurulan Nextool və Dosty Petcare, innovativ həlləri ilə diqqət çəkir. Bununla da Caucasus Venturesin portfelindəki startapların sayı 22-yə çatıb.
Nextool: Süni İntellekt üçün Yeni Həllər
Nextool, hərtərəfli süni intellekt platforması olaraq, fərdlərə və bizneslərə mürəkkəb problemləri həll etməyə, iş proseslərini avtomatlaşdırmağa və yeni imkanlar yaratmağa imkan tanıyır. İstifadəçi dostu interfeysi ilə Nextool süni intellekti daha əlçatan və təsirli edir. Startap qlobal miqyasda süni intellekt texnologiyalarının tətbiqinə yeni yanaşma gətirir. Startap Cəfər Nəcəfov və Aqil Zeynalov tərəfindən qurulub. Nextool hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən ən böyük kataloqlardan biridir.
Dosty Petcare: Heyvansevərlər üçün İnnovativ Həllər
Dosty Azərbaycanlı ekspertlər tərəfindən qurulan və inkişaf etdirilən yerli startapdır. Startap ev heyvanlarının tibbi problemlərini daha asan müəyyən etmək üçün həllər - peşəkar məsləhətlər, simptomların dərhal qiymətləndirilməsi, gündəlik rutinlərin idarə olunması və heyvan sağlamlığına dair məsləhətlər təqdim edir. Dosty-nin xüsusiyyətləri arasında sağlamlıq kartları, simptom izləyicisi, peyvənd xatırlatmaları və gəzinti izləyicisi kimi çoxsaylı alətlər var. Tətbiq həmçinin yeni heyvan sahibləri üçün geniş məlumat bazası ilə dəstək təmin edir. Startap Ayaz Əhmədov və Cavid Qarayev tərəfindən qurulub. Komandada David Xripunov CTO, Əşrəf Cavadov Məhsul rəhbəri (Head of Product), Dmitriy Kondraşov Məhsul meneceri (Product Manager) kimi fəaliyyət göstərir.
Caucasus Ventures-in kapitalı 11.3 milyon manatdır. Fonda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “PAŞA Holdinq” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar isə 1.3 milyon manat yatırım ediblər. Fondun “General Partner”i Məmməd Kərimdir. Caucasus Ventures yatırım bilet həcmi 50-200 min dollardır.Fondun yatırım etdiyi startaplar Azərbaycan, Türkiyə, Qazaxstan, Gürcüstan və s ölkələrdən olan startaplardır. Caucasus Ventures əsasən Azərbaycanda ofis açmaq istəyən və ya Azərbaycana B2B satış etmək istəyən startaplara üstünlük verir.