Az | EN

Cənubi Koreya prokurorları "Samsung" şirkətinin rəhbəri Cey Li`yə 5 il həbs cəzası istəyib

Röya Yusifbəyli
26 Noyabr 2024 22:36
60 baxış
Cənubi Koreya prokurorları "Samsung" şirkətinin rəhbəri Cey Li`yə 5 il həbs cəzası istəyib

Cənubi Koreya prokurorları bazar ertəsi "Samsung Electronics"in rəhbəri Cey Y. Li üçün beş il həbs cəzası və 500 milyon Cənubi Koreya Vonu (375,000 ABŞ dolları) dəyərində cərimə tələbi ilə apelyasiya məhkəməsində çıxış ediblər. Bu apelyasiya işi, Li və 13 keçmiş "Samsung" rəhbərinin 2015-ci ildə "Samsung"un törəmə şirkətlərinin birləşdirilməsi ilə əlaqədar səhm qiymətlərinin manipulyasiyası və mühasibat fırıldağında ittihamdan bəraət etməsindən 10 ay sonra baş tutub. Apelyasiya işi üzrə qərarın 2025-ci ilin yanvar və ya fevral aylarında verilməsi gözlənilir. Bu barədə yerli media məlumat yayıb.

Məhkəmə iki əsas səbəbdən mühüm əhəmiyyət daşıyır. Birincisi, bu, yaddaş çiplərinin istehsalında lider olan "Samsung"un mənfəətlərin azalması ilə üzləşdiyi çətin dövrə təsadüf edir. İkincisi, bu iş Cənubi Koreyada korporativ strukturların tədricən yenidən qurulmasının bir göstəricisidir və bu dəyişikliklər yalnız qlobal elektronika istehlakçısı şirkətlərə deyil, həm də Koreyanın texnologiya ekosistemindəki, o cümlədən startap sahəsində rəqabətə geniş təsir göstərə bilər.

Prokurorlar həmçinin bazar ertəsi çıxışlarında qeyd ediblər: “Təqsirləndirilən şəxs, şirkətin idarəetməsinin varisliyi üçün kapital bazarının təməlini zədələdi... Bu iş üzrə qərar gələcəkdə çebol şirkətlərinin (Cənubi Koreyada ailə tərəfindən idarə olunan iri biznes qrupları) yenidən qurulması və mühasibat uçotuna dair istinad nöqtəsi olacaq."

Prokurorlar əlavə ediblər ki, əgər təqsirləndirilən şəxslərə güzəşt edilsə, proses qanunsuz və təcili üsullarla həyata keçirilərək onların maraqlarını prioritetləşdirəcək.

Cənubi Koreya prokurorları uzun illərdir ki, Li`nin əleyhinə fəaliyyət göstərirlər. Ötən ilin noyabr ayında da prokurorlar, kapital bazarına dair qanunları pozduğuna görə Li`nin beş il həbs cəzasına məhkum edilməsini və 500 milyon Cənubi Koreya Vonu cərimə edilməsini tələb etmişdilər. Bu iddialar, 2015-ci ildə "Samsung"un 8 milyard dollar dəyərində törəmə şirkətlərinin birləşdirilməsi ilə əlaqəli idi. Prokurorlar, bu birləşdirilmənin Li`yə "Samsung"un idarəetmə hüquqlarını ələ keçirməkdə kömək etdiyini irəli sürüblər.

Li, 2023-cü ilin noyabr ayında keçirilən məhkəmə prosesində qanun pozuntularını rədd edib və birləşdirmə prosesinin şirkətin standart əməliyyat prosedurlarına uyğun olduğunu bəyan edib.

2020-ci ilin sentyabr ayında, o zaman "Samsung Electronics"in sədr müavini olan Li və digər keçmiş "Samsung rəhbərləri", "Cheil Industries" ) və "Samsung C&T" şirkətlərini birləşdirərək 2015-ci ildə texnologiya nəhənginin idarəetmə hüquqlarını ələ keçirməkdə ittiham olunmuşdular.

Onlar həmçinin, "Cheil və Samsung C&T"nin səhm qiymətlərini süni şəkildə artırmaqda və "Cheil-"in əhəmiyyətli paya sahib olduğu "Samsung Biologics"də mühasibat fırıldağı törətməkdə ittiham olunublar. Prokurorlar, birləşdirmənin Li`nin idarəetmə hüquqlarını möhkəmləndirmək üçün strategiya olduğunu irəli sürüblər.

© copyright 2022 | tech.az | info@tech.az