Çin hökuməti onlayn kompüter oyunlarına vaxt və pul xərclənməsinə məhdudiyyətlər qoymağı planlaşdırır. Milli Mətbuat və Nəşrlər Administrasiyası (NPPA) tərəfindən açıqlanan qaydalar layihəsi onlayn oyun nəşriyyatlarının istifadəçilərin oyundaxili alışlarına, gündəlik girişlərinə və oyunda keçirdikləri vaxta məhdudiyyətlər qoyacağını nəzərdə tutur. Bildirilir ki, bu məhdudiyyətlər “məntiqsiz xərcləmə davranışına” nəzarət etmək məqsədi daşıyır. Həmçinin "milli təhlükəsizliyə təhlükə yaradan" və "milli reputasiya və maraqlara xələl gətirən" oyun məzmununun qadağan ediləcəyi vurğulanır.
Çində onlayn oyun bazarının əsas oyunçuları olan Tencent və NetEase şirkətlərinin səhmləri qanun layihəsinin elanından sonra dəyərini itirib.
668 milyon onlayn istifadəçisi ilə dünyanın ən böyük onlayn oyun bazarı olan ölkədə oyundaxili xərclərin məhdudlaşdırılmasının nəşriyyatların və developer şirkətlərin gəlirlərini azaldacağı proqnozlaşdırılır.
Çində 2021-ci ildə edilən tənzimləmə ilə 18 yaşından aşağı olanların onlayn oyun vaxtı cümə, həftə sonları və bayram günlərində gündə 1 saatla məhdudlaşdırılmışdı. Digər tərəfdən, Çin Kiber Məkan İdarəsi (CAC) bu il 18 yaşından kiçik olanlar üçün mobil internet tətbiqlərinə girişi məhdudlaşdıran qaydaları açıqlayıb.