Çin texnologiya şirkəti Unitree Robotics tərəfindən hazırlanan A2 Stellar Hunter adlı dördayaqlı robot ictimaiyyətə təqdim olunub. Xarici görünüşünə görə "mexaniki it"ə bənzəyən robotun çəkisi təxminən 37 kiloqram təşkil edir və dağlıq ərazilər də daxil olmaqla müxtəlif çətin relyeflərdə sərbəst hərəkət edə bilir.
Şirkətin yaydığı videoda robotun bir ayağı üzərində fırlanaraq hərəkət etdiyi və dağlara qalxdığı aydın görünür. A2 Stellar Hunter 25 kiloqrama qədər yük daşımaq, statik vəziyyətdə isə 100 kiloqram ağırlığa dözmək imkanına malikdir.
Robotun enerji tutumu da təsir edicidir:
Tam yüklə, 3 saat fasiləsiz işləyərək 12.5 kilometr məsafə qət edə bilər.
Yüksüz halda isə, 5 saat ərzində 20 kilometrə qədər məsafəni fasiləsiz keçə bilir.
Maksimal sürəti 5 metr/saniyə olan A2 həm də -20°C-dən +55°C-yə qədər temperatur şəraitində problemsiz fəaliyyət göstərə bilir. Robot ətraf mühiti daha dəqiq analiz edə bilmək üçün HD kamera və genişbucaqlı lidar sistemi ilə təchiz olunub.
Yeni modelin satış qiyməti hələ açıqlanmayıb.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Unitree şirkəti R1 adlı humanoid robotunu da təqdim etmişdi. Cəmi 5900 ABŞ dolları (təxminən 472 min rubl) qiymətində təklif edilən bu model səs və görüntü tanıma qabiliyyətinə malik multimodal süni intellekt sistemi ilə təchiz olunmuşdu.