Çin 600 MVt gücündə sıxılmış hava ilə enerji saxlama sistemi üçün dünyada ilk genişləndiricini hazırlayıb. Çin Elmlər Akademiyasının Mühəndis Termofizikası İnstitutu və China Storage & Energy şirkətinin birgə hazırladığı avadanlıq kompleks sınaqlardan keçib və istehsal xəttindən çıxıb. Layihə tamamilə Çin texnologiyalarına əsaslanır və müstəqil patentlərlə qorunur.
Genişləndirici bu tip enerji saxlama sistemlərinin əsas komponentlərindən biridir. O, sıxılmış havanın enerjisini elektrik enerjisinə çevirir. Mühəndislər təxminən iki il ərzində qurğunun səmərəliliyini artırmaq, dəyişən fırlanma sürəti, geniş yük diapazonu və avadanlığın idarə edilməsi ilə bağlı texniki çətinlikləri həll etmək üzərində çalışıblar. Nəticədə çoxpilləli val, mürəkkəb aerodinamik quruluş, həmçinin həndəsə və fırlanma sürətinin tənzimlənməsi sisteminə malik konstruksiya hazırlanıb.
Qurğu artıq inteqrasiya və mexaniki sınaqlardan keçirilib. Hazırlayanların məlumatına görə, bütün nəticələr layihə tələblərinə cavab verib və ya onları üstələyib. Avadanlığın əsas üstünlükləri kimi yüksək faydalı iş əmsalı, kompakt konstruksiya, sürətli işə düşmə və dayanma, uzun xidmət müddəti və asan texniki qulluq göstərilir. Sistemin bütün komponentləri Çində istehsal olunub.
300 MVt gücündə sistemlərdən 600 MVt-lıq qurğulara keçid bu texnologiyanın miqyasını iki dəfə artırmağa imkan verəcək. Eyni zamanda, quraşdırılmış güc vahidinə düşən xərclərin 20–30% azalacağı, bütün sistemin səmərəliliyinin isə 3–5% artacağı bildirilir.
Tərtibatçılar yeni qurğunun sıxılmış hava ilə enerji saxlama texnologiyalarının inkişafında mühüm mərhələ olacağını düşünürlər.
