Az | EN

Clopos startapı INMerge Ventures-dən yeni investisiya aldı

Cəmil Hüseynzadə
24 Aprel 2026 10:48
56 baxış
Clopos startapı INMerge Ventures-dən yeni investisiya aldı

HoReCa (otel, restoran və kafe) sektoruna texnoloji həllər təqdim edən Azərbaycan startapı Clopos INMerge Ventures tərəfindən investisiya aldığını elan edib. Bu maliyyə dəstəyinin məhsulun inkişafına, komandanın genişlənməsinə və regional böyümənin sürətləndirilməsinə yönəldiləcəyi bildirilir.

Hazırda 12 ölkədə fəaliyyət göstərən startap 4 500-dən çox restorana xidmət edir. Clopos-un təqdim etdiyi bulud əsaslı POS və idarəetmə platforması bizneslərə əməliyyatlarını daha effektiv idarə etməyə və rəqəmsallaşmanı sürətləndirməyə imkan verir.

Qeyd edək ki, INMerge Ventures 2024-cü ildə PAŞA Holding tərəfindən təşkil olunan INMerge innovasiya sammiti çərçivəsində təsis edilib. Fondun investisiya strategiyası Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, həmçinin Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yönəlib.

Fondun təsisçiləri arasında PASHA Innovations, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və Trendyol Qrupu yer alır. INMerge Ventures investisiya etdiyi startaplara yalnız maliyyə dəstəyi deyil, həm də strateji mentorluq, biznes inkişafı və beynəlxalq şəbəkələrə çıxış imkanları təqdim edir.

Xatırladaq ki, Clopos daha əvvəl də investisiya cəlb edib. Startap əvvəlki raundda 800 min ABŞ dolları həcmində vəsait toplayaraq Caucasus Ventures, Next Business Angels, SABAH.fund, SABAH.angels və White Hill Capital kimi investorların dəstəyini qazanmışdı.

© copyright 2022 | tech.az | info@tech.az