Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər arasında investor marağı kəskin şəkildə dəyişir. İkinci bazarda aparılan son qiymətləndirmələrə görə, Anthropic şirkətinin dəyəri artıq təxminən 1 trilyon dollar səviyyəsinə yüksəlib.
Business Insider-ə danışan investorlar bildiriblər ki, Anthropic səhmlərinə tələbat “ajiotaj” həddinə çatıb. Forge Global platformasının rəhbərinin sözlərinə görə, şirkətin bazar qiyməti 1 trilyon dollara yaxınlaşır. Hətta bəzi səhmdarlar öz paylarını 1,15 trilyon dollar qiymətləndirməsi ilə satışa çıxarmağa cəhd ediblər.
OpenHome startapının qurucusu Cessi Leymqruber də 22 aprel 2026-cı ildə X platformasında yazıb ki, “çox məşhur fondlardan biri” onun Anthropic-dəki payını 1,05 trilyon dollar qiymətləndirmə ilə almağı təklif edib.
Qeyd edək ki, şirkət son rəsmi maliyyələşmə raundunda – 2026-cı ilin fevralında – cəmi 380 milyard dollar dəyərində qiymətləndirilmişdi. Sonrakı sürətli artım isə əsasən Pentaqonla yaşanan gərginlik və Anthropic-in təqdim etdiyi yeni Claude Mythos modelinin böyük maraq doğurması ilə əlaqələndirilir. Şirkət bu modelin minlərlə “zero-day” zəifliyi aşkar etdiyini iddia edir.
Digər tərəfdən, OpenAI səhmlərinə marağın zəiflədiyi bildirilir. Forge Global məlumatına görə, şirkətin qiymətləndirilməsi hazırda təxminən 880 milyard dollar səviyyəsindədir. Bəzi alıcılar isə səhmləri daha aşağı — 852 milyard dollardan da az qiymətləndirmə ilə almağa çalışır.
Bloomberg daha əvvəl də qeyd etmişdi ki, investor diqqəti tədricən OpenAI-dən uzaqlaşaraq Anthropic-ə yönəlir. Aprelin ortalarında yayılan məlumatlara görə, Anthropic şirkəti hətta 800 milyard dollar qiymətləndirmə ilə yeni investisiya təklifi də alıb.
Beləliklə, süni intellekt bazarında rəqabət daha da kəskinləşir və investorların prioritetləri sürətlə dəyişir.
