Az | EN

Dalğaları enerjiyə çevirən startap 4,3 milyon funt investisiya aldı

Cəmil Hüseynzadə
29 May 2026 00:55
80 baxış
Dalğaları enerjiyə çevirən startap 4,3 milyon funt investisiya aldı

Böyük Britaniyanın dalğa enerjisi sahəsində fəaliyyət göstərən “Caudal Energy” startapı 4,3 milyon funt sterlinq həcmində investisiya əldə edib. Maliyyələşdirməyə Oxford Science Enterprises (OSE) və Empirical Ventures rəhbərlik edib. Layihəyə həmçinin Zero Carbon Capital və Creator Fund kimi mövcud investorlar da qoşulub.

Bu investisiya Böyük Britaniyada son illərdə dalğa və dəniz enerjisi sahəsinə yönəlmiş ən iri institusional yatırımlardan biri hesab olunur. Şirkət bildirib ki, məqsəd enerji sistemlərində sabit və proqnozlaşdırılan bərpa olunan enerji mənbələrinin rolunu artırmaqdır.

2024-cü ildə “Porpoise Power” adı ilə təsis edilən startap Oksford Universitetinin professoru Adrian Tomasın hidrodinamika sahəsində araşdırmaları əsasında yaradılıb. “Caudal Energy” dəniz məməlilərinin quyruq üzgəclərinin hərəkət prinsipindən ilhamlanan yeni enerji texnologiyası hazırlayıb.

Startapın hazırladığı xüsusi oscillasiya edən qanad sistemi dəniz axınları ilə birlikdə işləyir. Şirkətin sözlərinə görə, bu texnologiya quraşdırmanı sadələşdirir, texniki xidmət xərclərini azaldır və enerji istehsalını daha sərfəli edir. Sistem ənənəvi turbin texnologiyalarından fərqli olaraq daha zəif axın olan ərazilərdə də işləyə bilir.

“Caudal Generator” adlanan platformanın modul quruluşu onun daha geniş coğrafiyada istifadəsinə imkan yaradır. Şirkət hesab edir ki, texnologiya gələcəkdə dənizdə yerləşən külək elektrik stansiyaları ilə rəqabət apara biləcək səviyyəyə çatacaq.

Hazırda texnologiya TRL5 hazırlıq mərhələsindədir. Yeni investisiya Şimali İrlandiyanın Strangford Lough bölgəsində tammiqyaslı sınaqların keçirilməsinə, mühəndislik və modelləşdirmə imkanlarının genişləndirilməsinə yönəldiləcək. İlk kommersiya istifadəsinin 2028-ci ildə başlaması planlaşdırılır.

“Caudal Energy”nin baş direktoru Con Kennedi bildirib ki, şirkət dalğa enerjisinin bahalı və mürəkkəb texnologiya olması barədə mövcud yanaşmanı dəyişmək istəyir. Onun sözlərinə görə, məqsəd etibarlı, genişmiqyaslı və kommersiya baxımından rəqabətədavamlı enerji sistemi yaratmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az