Az | EN

Doğum şəhadətnaməsi üçün müraciət rəqəmsallaşdı!

Cəmil Hüseynzadə
08 Yanvar 2025 12:12
88 baxış
Doğum şəhadətnaməsi üçün müraciət rəqəmsallaşdı!

Ədliyyə Nazirliyinin daha bir xidməti artıq rəqəmsal formada təqdim olunur.

Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə doğum şəhadətnaməsinə müraciət rəqəmsallaşdırılıb. Artıq valideynlər yeni doğulmuş övladlarının doğumu haqqında şəhadətnaməni qeydiyyat orqanlarına getmədən tamamilə rəqəmsal formada “mygov” tətbiqi vasitəsilə əldə edə bilərlər.

Uşaq dünyaya gəldikdə Ədliyyə Nazirliyi tərəfindən “mygov” tətbiqi üzərindən doğumun qeydiyyata alınması ilə bağlı valideynə bildiriş göndərilməsi xidməti yaradılıb. Valideynlər tətbiqə daxil olaraq “Həyat hadisələri” bölməsindən “Valideyn olmaq” seçimini edib, “Doğum şəhadətnaməsinə müraciət” bölməsinə keçid edərək tələb olunan məlumatları sistemə daxil edirlər. Prosesin gedişatında:

  • Valideynlər ilkin məlumatları yoxlayaraq uşağın adını və soyadını daxil edir;
  • Doğum haqqında şəhadətnamənin təhvil alınacağı qeydiyyat orqanı seçilir və əlaqə nömrəsi qeyd olunur;
  • Əgər sistem tərəfindən uşağın milliyəti təyin edilməyibsə, həm ananın, həm də atanın milliyyəti seçilir, doğum şəhadətnamələrinin skan edilmiş versiyaları yüklənir;
  • Məlumatlar son dəfə nəzərdən keçirilir və təsdiqləndikdən sonra müraciət tamamlanır.

Müraciət tamamlandıqdan sonra seçilmiş qeydiyyat orqanında doğum dövlət qeydiyyatına alınır və uşağın doğumu haqqında şəhadətnamə rəqəmsal formatda “mygov” platformasında “Ailə məlumatlarım” bölməsində əks olunur. Həmçinin vətəndaşın müraciəti əsasında ona seçdiyi qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda doğum haqqında şəhadətnamə də təqdim edilə bilər.

Birdəfəlik müavinətin əldə edilməsi:

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin əldə edilməsi bu prosesin bir hissəsidir.  Proses zamanı doğumun qeydiyyatına dair məlumat avtomatlaşdırılmış qaydada Dövlət Sosial Müdafiə Fonduna yönləndirilir və həmin qurum tərəfindən birdəfəlik müavinətin ödənilməsi üçün proaktiv qaydada təyinat aparılır. Valideynlər müavinəti  “Kapital Bank”a məxsus  “Birbank” mobil tətbiqindən əldə edə bilərlər.  

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, doğum haqqında şəhadətnamə məlumatlarının “mygov”  platforması üzərindən təqdim edilməsi, fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.

© copyright 2022 | tech.az | info@tech.az