Bu gün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) yaradılmasının 3 ili tamam olur.
17 dekabr 2021-ci ildə DOST Agentliyinin Müşahidə Şurasının qərarı ilə təsis edilən bu mərkəz, ölkəmizdə sosial sahədə rəqəmsal xidmətlərin daha çevik və əlçatan şəkildə təqdim olunmasına mühüm töhfə vermək məqsədini daşıyır.
DOST RİM-in fəaliyyətinin əsas istiqamətləri informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya təhlükəsizliyi və layihələrin idarəedilməsi sahələrində innovativ həllərin tətbiqi və davamlı inkişafdır. Mərkəz, bu sahələrdə Nazirlik və onun tabeliyindəki qurumların fəaliyyətini dəstəkləyərək, rəqəmsal idarəetmənin keyfiyyətini artırmaq və vətəndaşlara göstərilən xidmətlərin şəffaflığını təmin etmək üçün çalışır.
Üç illik fəaliyyəti ərzində DOST RİM, dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi, informasiya bazalarının inteqrasiyası və rəqəmsal həllərin tətbiqi ilə dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi yaradıb. Hazırda mərkəz 80-dən çox qurumla inteqrasiya əlaqələri quraraq, informasiya mübadiləsinin operativliyini və effektivliyini təmin edir. Bu inteqrasiya, müxtəlif xidmətlərin vətəndaşlara daha sürətli şəkildə çatdırılmasını mümkün edir.
DOST RİM-in rəqəmsal xidmətləri həm dövlət sektorunda, həm də özəl sahədə proseslərin avtomatlaşdırılması və e-həllərin tətbiqində nümunəvi rol oynayır. Elektron xidmətlərin genişləndirilməsi, sənədlərin rəqəmsallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin optimallaşdırılması istiqamətində həyata keçirilən layihələr sayəsində mərkəz, ölkədə rəqəmsal transformasiya prosesinin əsas aparıcı qüvvələrindən birinə çevrilib.
DOST RİM-in fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsi onun uğurunu və sosial təsirini təsdiqləyir. Fəaliyyətinin 3-cü ilində mərkəz, həyata keçirdiyi rəqəmsal sosial layihələrə görə beynəlxalq aləmdə 30-dan çox mükafata layiq görülüb. Bu mükafatlar, DOST RİM-in innovativ yanaşmalarının və tətbiq etdiyi həllərin beynəlxalq standartlara cavab verdiyini və digər ölkələr üçün də nümunə olduğunu nümayiş etdirir.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi gələcək illərdə də rəqəmsallaşma və innovativ layihələrin inkişafı istiqamətində fəaliyyətini genişləndirərək, ölkəmizin sosial xidmət sektorunun dünya səviyyəsində nümunəvi modellərdən birinə çevrilməsinə töhfə verməyə davam edəcək.