Az | EN

E-Gov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibinə keçir

Cəmil Hüseynzadə
24 Noyabr 2022 18:35
1071 baxış
E-Gov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibinə keçir

Elektron Hökümətin İnkişafı Mərkəzinin (EHİM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyətini davam etdirəcəkdir. Bu barədə bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcəkdir.

Həmçinin Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına keçiriləcəkdir.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.

© copyright 2022 | tech.az | info@tech.az