Az | EN

Əfqanıstanda bəzi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

Nigar Sultanli
08 Oktyabr 2025 21:54
31 baxış
Əfqanıstanda bəzi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" kimi məşhur sosial şəbəkələrə girişin məhdudlaşdırılması ölkədəki internet senzurasının yeni və daha sərt mərhələsinə qədəm qoyduğunu göstərir. İnternet monitorinqi təşkilatı NetBlocks, oktyabrın 8-də bu platformaların bir neçə xidmət provayderi tərəfindən məhdudlaşdırıldığını təsdiqləyib.

"RadioFreeEurope/RadioLiberty"nin məlumatına görə, Əfqanıstanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Kabulda, istifadəçilər artıq sosial şəbəkələrə yalnız VPN (Virtual Şəxsi Şəbəkə) vasitəsilə daxil ola bilirlər. Bu məhdudiyyətlər keçən həftə baş vermiş genişmiqyaslı internet kəsintisinin ardınca tətbiq edilib.

Taliban hökuməti, internetin kəsilməsini ölkədə "əxlaq normalarını qorumaq" məqsədilə həyata keçirdiyini bəyan etsə də, beynəlxalq təşkilatlar və insan hüquqları müdafiəçiləri bu addımı sərt şəkildə pisləyirlər. "The Washington Post" nəşrinin qeyd etdiyi kimi, hüquq müdafiəçiləri bu cür məhdudiyyətlərin ölkənin onsuz da ağır olan humanitar vəziyyətini daha da pisləşdirdiyini, habelə qadınların təhsil və iş imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını vurğulayırlar.

Tətbiq edilən bu qadağalar, Əfqanıstanda informasiya azadlığının və rəqəmsal hüquqların kəskin şəkildə pozulmasına səbəb olur.

© copyright 2022 | tech.az | info@tech.az