Az | EN

Ev heyvanlarının dostu Dosty - Yerli startapın Avropadan Asiyaya uğuru

Cəmil Hüseynzadə
14 İyun 2024 11:01
768 baxış
Ev heyvanlarının dostu Dosty - Yerli startapın Avropadan Asiyaya uğuru

Ev heyvanları bir çoxumuzun yaxın dostudur. Onlarla vaxt keçirmək, oynamaq, onları gəzintiyə aparmaq sevimli məşğuliyyətimizdir. Bizim stressimizi azaldan, əyləndirən və sakitləşdirən əsas fəaliyyətlərdən biridir. Bir-birimizin dilini anlamasaq da, “yaxşı anlaşırıq” deyə bilərik. Bəzən isə onların nə hiss etdiklərini, nə etdiklərini anlaya bilmirik. Buna həm təcrübəmiz, həm də baytarlıq məlumatımız çatmır. Bu halda bizim köməyimizə Dosty çatır. Yaxşı, Dosty nədir, necə köməyimizə çatır?

Dosty Azərbaycanlı ekspertlər tərəfindən qurulan və inkişaf etdirilən yerli startapdır. Startap ev heyvanlarının tibbi problemlərini daha asan müəyyən etmək üçün həllər - peşəkar məsləhətlər, simptomların dərhal qiymətləndirilməsi, gündəlik rutinlərin idarə olunması və heyvan sağlamlığına dair məsləhətlər təqdim edir. Dosty-nin xüsusiyyətləri arasında sağlamlıq kartları, simptom izləyicisi, peyvənd xatırlatmaları və gəzinti izləyicisi kimi çoxsaylı alətlər var. Tətbiq həmçinin yeni heyvan sahibləri üçün geniş məlumat bazası ilə dəstək təmin edir. 

Dosty komandası uğurlu komandadır. Komanda startap üzərində kifayət qədər ciddi şəkildə çalışır. Onlar Dosty-nin çatbotunun öyrədilməsi üçün (“train”) İngiltərə və Amerika baytarları ilə birlikdə çalışıblar. Dəqiq məlumatlar əsasında çatbotu inkişaf etdiriblər. Odur ki, Dosty-nin verdiyi cavablara şübhə etməyə bilərsiniz. 

Dosty Mart ayında Marsın ortaq olduğu Connect: Pet Tech tədbirində Amerika "Pet Tech" startapları arasında qalib olub. May ayında startap Purina tərəfindən Avropada ən perspektivli "Pet Tech" startaplarının ilk 5-liyə daxil edilib.

Startap komandası əsas uğurlarından birini may ayında Polşada keçirilən beynəlxalq Wolves Summit-də yaşadı. Wolves Summit-də səhnə alıb təqdimat (pitch) edən startap “Startup Terrace Award” mükafatını qazanmışdı. Bu mükafatla "Taiwan Startup Terrace” Dosty-ni Asiya bazarına daxil olması və Tayvanda genişlənməsi üçün 2024-cü ilin noyabr ayında Tayvana dəvət edib. 1 aylıq Tayvan səfərində startap yerli investorlar, banklar və maraqlı tərəflər ilə görüşlər keçirəcək. 

Dosty-nin Avropada başlayan uğur hekayəsi Asiya ölkələrinə də keçməkdədir.

Startap Ayaz Əhmədov və Cavid Qarayev tərəfindən qurulub. Komandada David Xripunov CTO, Əşrəf Cavadov Məhsul rəhbəri (Head of Product), Dmitriy Kondraşov Məhsul meneceri (Product Manager), Kənan Şərifli  Backend prorqamçı, Səbuhi Teymurov Frontend prorqamçı, Şamxal Zeynalzadə backend prorqamçı, Şahin Dadaşov mobile prorqamçı, Fərhad Xobolov DevOps mühəndis, Nurlan Qardaşlı mobile prorqamçı kimi fəaliyyət göstərir. 

© copyright 2022 | tech.az | info@tech.az