100-dən çox hazırkı və keçmiş federal işçi, İlon Mask və onun rəhbərlik etdiyi Dövlətin Səmərəliliyi Departamenti (DOGE) agentliyinə qarşı məhkəmə iddiası qaldırıb. Onlar iddia edirlər ki, DOGE federal işçilərin şəxsi məlumatlarına icazəsiz və lazımi yoxlamalar aparılmadan giriş əldə edib.
Bu məhkəmə iddiası Elektron Sərhəd Fondu (EFF) və digər məxfilik hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən Nyu-Yorkun Cənub Dairə Məhkəməsində qaldırılıb. İddiaçılar əsas federal insan resursları agentliyi olan Şəxsi Heyət İdarəsinin (OPM) DOGE-nin bu məlumatlara çıxışını dərhal dayandırmasını tələb edirlər.
Məhkəmə sənədlərində qeyd edilir ki, OPM, DOGE-nin əməkdaşlarına – əksəriyyəti 25 yaşdan aşağı olan və daha əvvəl İlon Maskın özəl şirkətlərində işləmiş şəxslərə – ciddi təhlükəsizlik yoxlamalarından keçmədən “idarəçi” statusu ilə sistemə giriş icazəsi verib.
İddiaçılar bildirirlər ki, bu addım ABŞ-ın Məxfilik Aktını pozur. Çünki bu qanun federal qurumların şəxsi məlumatları qanunsuz və lazımsız şəkildə ötürməsini qadağan edir.
“Məxfilik Aktına heç bir istisna DOGE əməkdaşlarının OPM məlumat bazalarına girişini qanuniləşdirmir”, – iddia ərizəsində qeyd olunub.
Şikayətdə DOGE əməkdaşlarının hökumət işçisi olmadan OPM sisteminə çıxış əldə etməsi xüsusi vurğulanır. Məsələn, 19 yaşlı DOGE işçisi Edvard Koristine (internetdə “Big Balls” ləqəbi ilə tanınır) daha əvvəl kiber təhlükəsizlik firmasında işləyib və orada məlumat sızdırdığı üçün işdən çıxarılıb.
Bundan əlavə, iddiada DOGE-nin federal işçilərin məlumatlarına girişinin onların karyeralarına mənfi təsir göstərə biləcəyi bildirilir. Belə ki, İlon Mask və ABŞ prezidenti Donald Trampın “sadiq olmayan” dövlət qulluqçularını işdən çıxarmaqla hədələdiyi xatırladılır. Həmçinin, federal işçilərin maliyyə məlumatlarının sızmasının onları kiber cinayətkarlara və xarici dövlətlərin hakerlərinə qarşı həssas vəziyyətə sala biləcəyi vurğulanır.
Bu məhkəmə iddiası DOGE-nin federal işçilərin məlumat bazalarına çıxışını məhdudlaşdırmağı hədəfləyir. Ancaq iddiaçıların vəkillərindən biri olan Mark Lemley-nin WIRED-ə verdiyi açıqlamaya görə, bu, yalnız “birinci mərhələdir”. Daha sonra geniş miqyaslı kollektiv iddia qaldırılması planlaşdırılır.
Mövzu ilə bağlı DOGE, OPM və İlon Maskın şirkətlərinin nümayəndələri hələlik açıqlama verməyib.