Apple şirkətinin fevral ayında Siri səsli köməkçisinin yenilənmiş versiyasını elan edəcəyi gözlənilir.
Məlumata görə, yeni yeniləmə Google-un Gemini süni intellekt modellərinə əsaslanacaq və Apple-ın 2024-cü ilin iyun ayında verdiyi AI vədlərinin reallaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirilir. Yenilənmiş Siri istifadəçi məlumatlarına və ekranda görünən məzmuna çıxış əldə edə biləcək.
Bununla yanaşı, Siri-nin daha təbii və dialoqa əsaslanan versiyasının hazırlanması da planlaşdırılır. Bildirilir ki, bu versiya Google-un bulud infrastrukturu üzərindən işləyə və daha geniş funksiyalar təqdim edə bilər. Sözügedən böyük yeniləmənin iyun ayında keçiriləcək Apple Worldwide Developers Conference (WWDC) tədbirində təqdim olunması gözlənilir.
Hesabatlarda qeyd olunur ki, Apple son dövrlərdə süni intellekt strategiyasında müəyyən çətinliklərlə üzləşib. Xüsusilə AI rəhbəri Con Canandrea-nın (John Giannandrea) şirkətdən ayrılması və daxili fikir ayrılıqları bu sahədə irəliləyişi ləngidən əsas amillər arasında göstərilir.
