Az | EN

Gen Z Instagram-ı yeni LinkedIn-ə çevirir

Cəmil Hüseynzadə
05 Noyabr 2026 15:03
37 baxış
Gen Z Instagram-ı yeni LinkedIn-ə çevirir

Instagram Gen Z nümayəndələrinə ənənəvi peşəkar platformalardan daha geniş iş mühiti təsəvvürü yaradır. İşəgötürənlər isə gənc istedadları cəlb etmək üçün şirkətdə işləməyin necə olduğunu sadəcə izah etməklə kifayətlənməməli, bunu əyani şəkildə göstərməlidirlər.

Süni intellektlə yaradılan keyfiyyətsiz məzmun, özünü nümayiş etdirməyə yönəlmiş paylaşımlar və hər kəsin karyerasında daha böyük uğurlar qazandığı təəssüratı LinkedIn-dən istifadəni bəzi insanlar üçün yorucu edib. Nəticədə, karyerasını inkişaf etdirmək istəyən mütəxəssislər, xüsusilə də Gen Z nümayəndələri başqa platformalara üz tuturlar.

CV hazırlama platforması Zety-nin apardığı sorğuya əsasən, Gen Z əməkdaşları artıq karyera məsləhətləri üçün ən çox YouTube və Instagram-dan istifadə edirlər. Sorğuda iştirak edənlərin 80%-i YouTube-u, 73%-i isə Instagram-ı qeyd edib. LinkedIn isə xeyli geridə qalaraq respondentlərin yalnız 26%-nin əsas mənbəyi olub. Araşdırmada 919 Gen Z əməkdaşı iştirak edib.

Hesabatda iştirakçıların 74%-nin Instagram-dan peşəkar əlaqələr qurmaq üçün istifadə etdiyi, 69%-nin isə bu platforma vasitəsilə uğurla iş və ya təcrübə proqramı tapdığı bildirilir. Bu, əvvəlcə dostlarla foto paylaşmaq üçün yaradılmış platforma üçün diqqətçəkən nəticədir.

Instagram hələ LinkedIn-i əvəz etmir. Lakin getdikcə işəgötürən, karyera məsləhətçisi, peşəkar əlaqələr platforması, şirkət saytı və iş yeri haqqında rəylərin toplandığı məkan funksiyalarını özündə birləşdirir.

Zety hesabatının müəllifi, karyera üzrə məsləhətçi Jasmine Escalera hesab edir ki, Gen Z iş anlayışını yenidən formalaşdırır. Onun sözlərinə görə, əvvəlki nəsillərə LinkedIn-dəki peşəkar davranış və özünü təqdimetmə tərzinin karyera qurmaq üçün vacib olduğu öyrədilirdi. Gen Z isə işə fərqli yanaşır və məlumatı gündəlik istifadə etdiyi sosial media platformalarından əldə edir.

Şirkətləri araşdırmaq üçün yeni üsul

Gənc əməkdaşlar işə müraciət etməzdən əvvəl sosial şəbəkələr vasitəsilə şirkətləri araşdırırlar. Beləliklə, ənənəvi olaraq işəgötürənlərin üstün mövqedə olduğu işə qəbul prosesində namizədlər də öz seçimlərinə daha çox nəzarət etməyə çalışırlar.

İş mühitinin psixi sağlamlığa təsiri üzrə mütəxəssis Christina Muller Gen Z nümayəndələrinin Instagram-dan getdikcə daha çox peşəkar seçim və qiymətləndirmə vasitəsi kimi istifadə etdiyini bildirir. Onun fikrincə, burada söhbət sadəcə əlaqələr qurmaqdan deyil, şirkətin namizədə uyğun olub-olmadığını araşdırmaqdan gedir.

Instagram vasitəsilə namizədlər şirkətin daxili mədəniyyətinin necə olduğunu, rəhbərlərin əməkdaşlarla necə davrandığını və işçilərin öz iş yerlərindən məmnun olub-olmadığını öyrənə bilirlər.

Muller qeyd edir ki, gənc nəsil əvvəlki nəsillərin üzləşdiyi tükənmişlik və psixi sağlamlıq problemlərini görüb. Buna görə də onlar karyeralarında daha şüurlu seçimlər etmək, illərlə özlərini bədbəxt hiss etdikləri iş mühitində çalışmamaq istəyirlər.

Təşkilati psixologiya və iş yeri mədəniyyəti üzrə ekspert Tishayla Williams da son üç ildə qeyri-kommersiya təşkilatlarının, startapların və istehlakçı brendlərinin vakansiyaları Instagram vasitəsilə daha çox paylaşdığını müşahidə etdiyini deyir. Bu şirkətlər namizədləri əlavə məlumat almaq üçün birbaşa mesaj göndərməyə və ya şərh yazmağa dəvət edirlər.

Beləliklə, sosial media əvvəlcə işəgötürənlər, karyera sərgiləri və şirkət saytlarının yerinə yetirdiyi funksiyaları daşımağa başlayır.

Williams hesab edir ki, Instagram şirkətin pərdəarxası fəaliyyətini LinkedIn-dən daha yaxşı göstərir. Şirkətlər burada əməkdaşlarının kim olduğunu və gündəlik iş prosesində nələrin baş verdiyini daha açıq paylaşırlar. Namizədlər paylaşımlar və şərhlər vasitəsilə şirkətin dəyərləri, müxtəliflik və inklüzivlik öhdəlikləri, eləcə də rəhbərliyin qərarları haqqında daha dolğun təsəvvür əldə edə bilirlər.

Səmimiyyət mükəmməl görüntüdən daha vacibdir

Bu dəyişiklik peşəkar sosial şəbəkələrdəki həddindən artıq cilalanmış və süni təqdimat tərzinə qarşı reaksiyanın nəticəsi də ola bilər. LinkedIn-dəki pozitiv və müsbət paylaşımlar bəzi sosial şəbəkələrdəki aqressiv müzakirələrdən fərqli olsa da, ekspertlər hesab edirlər ki, bu platformanın təqdim etdiyi peşəkar imic gənc nəslin gözləntiləri ilə hər zaman üst-üstə düşmür.

Christina Muller-in sözlərinə görə, Gen Z nümayəndələri LinkedIn-dəki nümayişkaranə peşəkarlıq tərzini özlərinə yaxın hesab etmirlər. Onlar süni təbəssümlə təqdim olunan mükəmməl görüntüdənsə, qüsurları olan, lakin səmimi məzmun görməyə üstünlük verirlər.

Gənclər üçün psixi sağlamlıq, rifah və sağlam iş mühiti də getdikcə daha vacib amillərə çevrilir. Muller bildirir ki, onlar bu məsələlərin şirkətlər üçün sadəcə əlavə üstünlük deyil, əsas prioritet olmasını istəyirlər.

Son dövrlərdə LinkedIn-də iş axtarışı və ixtisarlarla bağlı şəxsi hekayələrin artmasına baxmayaraq, Muller hesab edir ki, Gen Z nümayəndələri bunu da müəyyən mənada işə qəbul prosesinin bir hissəsi kimi qəbul edir və platformadakı səmimiyyətə şübhə ilə yanaşırlar.

Süni intellektlə yaradılan məzmunun artması da bu tendensiyanı sürətləndirə bilər. Peşəkar platformalar getdikcə daha çox standartlaşdırılmış və cilalanmış paylaşımlarla dolduqca, istifadəçilər ümumi və avtomatlaşdırılmış təsir bağışlayan məzmunu daha asan müəyyən edirlər. Rəqəmsal mühitdə böyümüş Gen Z nümayəndələri isə buna xüsusilə həssasdırlar.

Muller hesab edir ki, LinkedIn üslubunda yazılan paylaşımlar bəzən o qədər standartlaşıb ki, insanlar süni intellektdən istifadə etmədən də özlərini olduğundan daha süni və qeyri-səmimi təqdim edirlər. Onun sözlərinə görə, bu cür məzmunlarda insanların fərdi səsi və şəxsiyyəti kifayət qədər hiss olunmur. Bu da Gen Z nümayəndələrini uzaqlaşdırır.

Hansı şirkətlər uğur qazanacaq?

Gənc istedadları cəlb etmək istəyən şirkətlər üçün yeni çağırış yaranır. Gen Z-nin diqqətini qazanan təşkilatlar adətən iş mühitinin pərdəarxasını göstərməkdən çəkinməyənlərdir. Rəhbərlərin necə ünsiyyət qurması, əməkdaşların necə əməkdaşlıq etməsi, çevik iş imkanlarının reallıqda necə tətbiq olunması və şirkətin mədəniyyətinin reklam etdiyi dəyərlərlə uyğunluğu artıq daha böyük əhəmiyyət daşıyır.

Təşkilati mədəniyyət üzrə ekspert Tishayla Williams hesab edir ki, bu gözləntilər növbəti onillikdə daha da güclənəcək. Onun fikrincə, etibarlılıq, iş və şəxsi həyat balansı, çeviklik və təşkilati dəyərlər bir çox gənc əməkdaş üçün əməkhaqqı qədər vacib olacaq.

Zety-dən Jasmine Escalera da işəgötürənlərin Gen Z nümayəndələrini cəlb etmək üçün onların olduğu platformalarda aktiv olmalı olduğunu düşünür. Şirkətlər sosial mediadan kim olduqlarını, hansı dəyərləri müdafiə etdiklərini və gənc əməkdaşlara necə dəstək verə biləcəklərini göstərmək üçün istifadə edə bilərlər.

LinkedIn öz əhəmiyyətini itirmir. Lakin gənc əməkdaşlar artıq şirkətləri yalnız vakansiyalarına və rəsmi profillərinə görə qiymətləndirmirlər. Onlar işə müraciət etməzdən əvvəl şirkətin real simasını görmək istəyirlər. Buna görə də səmimi ünsiyyət artıq əlavə üstünlük deyil, ən yaxşı istedadları cəlb etmək üçün vacib şərtə çevrilir.

© copyright 2022 | tech.az | info@tech.az