ABŞ-ın videooyun mağazaları şəbəkəsi GameStop onlayn ticarət platforması eBay-i 56 milyard dollara almaq təklifi ilə çıxış edib. Bu məbləğ 4 may 2026-cı il tarixinə eBay-in təxminən 46,2 milyard dollarlıq bazar dəyərini xeyli üstələyir.
Məlumata görə, GameStop eBay səhmlərini hər biri 125 dollardan almağı təklif edir. Şirkətin baş icraçı direktoru Ryan Cohen bildirib ki, məqsəd eBay-i Amazon üçün ciddi rəqibə çevirməkdir. Onun sözlərinə görə, şirkət artıq TD Bank tərəfindən təqdim olunan 20 milyard dollarlıq ilkin maliyyə zəmanəti əldə edib.
Planlaşdırılan razılaşmanın 50%-i nağd vəsaitlə, qalan hissəsi isə GameStop səhmləri ilə maliyyələşdiriləcək. Əgər eBay rəhbərliyi bu təklifi qəbul etməzsə, Cohen direktorlar şurasında yer uğrunda mübarizə aparmağa və birbaşa səhmdarlara müraciət etməyə hazır olduğunu vurğulayıb.
GameStop-un strategiyası öz pərakəndə mağazalarını eBay platforması ilə birləşdirməyi nəzərdə tutur. Belə ki, fiziki mağazalar satıcılar tərəfindən təqdim olunan məhsulların qəbul və autentifikasiya məntəqələrinə çevrilə bilər.
Qeyd edək ki, GameStop 2021-ci ilə qədər zəifləyən biznes kimi qiymətləndirilirdi. Lakin həmin ilin əvvəlində sosial şəbəkələrdə təşkil olunan kampaniya nəticəsində şirkətin səhmləri kəskin artaraq böyük rezonans doğurmuşdu.
