Goldman Sachs əməkdaşlarının böyük əksəriyyətinin Anthropic-in Claude Code və Microsoft-un GitHub kimi qabaqcıl Sİ kodlaşdırma alətlərinə çıxışını məhdudlaşdırıb. Bloomberg-in oktyabr ayına aid daxili təlimatlara əsaslanan məlumatına görə, bundan sonra həmin alətlərdən yalnız mühəndislər istifadə edə biləcək.
İnvestorlar və bankirlər son aylarda əməliyyat proseslərini izləmək və məzmun hazırlamaq üçün bu alətlərdən istifadə edirdilər. Qərarın geri addım kimi qiymətləndirilməsi şirkət daxilində narazılıq yaradıb.
Goldman Sachs-ın informasiya texnologiyaları üzrə rəhbəri Marko Arcenti iyul ayında verdiyi müsahibədə texniki heyətə daxil olmayan əməkdaşların da “vibe coding” yanaşmasından istifadə etməsini müsbət qiymətləndirmişdi. Bu yanaşmada investor və ya aktivlərin idarə edilməsi üzrə çalışan əməkdaş ideya irəli sürür, Sİ-nin köməyi ilə sürətlə prototip hazırlayır, daha sonra isə onun istehsal səviyyəsinə çatdırılması üçün mühəndisə təhvil verirdi.
Lakin görünür, şirkətdə bu model artıq əvvəlki kimi tətbiq edilməyəcək.
Məhdudiyyətlərin səbəbi ilə bağlı Bloomberg-in məlumatında Goldman Sachs nümayəndəsi Nik Karaterranın açıqlamasına istinad edilir. Bildirilir ki, qərar “məhsuldarlıq və risklərin idarə edilməsi də daxil olmaqla, müxtəlif amillərlə” əlaqədardır.
Karaterranın sözlərinə görə, sınaq mərhələsi başa çatıb və şirkət bu alətlərə çıxışı uzunmüddətli perspektivdə onlardan ən səmərəli istifadə edə biləcək əməkdaşlarla məhdudlaşdırmaq qərarına gəlib.
