Google 2025-ci il I/O tədbirində maraqlı yeniliyi təqdim edib – süni intellekt modeli Gemini artıq Chrome brauzerində istifadəçinin ekranını analiz edə bilir. Bu funksiya ilkin olaraq yalnız ABŞ-dəkı istifadəçilər üçün və AI Pro və AI Ultra abunəliyi olan şəxslərə əlçatandır.
Brauzerə yeni əlavə olunmuş Gemini düyməsinə klikləməklə və ya Alt+G klaviatura qısa yolundan istifadə etməklə funksiyanı aktivləşdirmək mümkündür. İstifadəçi Gemini ilə yazılı şəkildə ünsiyyət qura, yaxud “Live” düyməsi ilə səsli rejimə keçə bilər. Gemini istifadəçinin baxdığı vərəqəni analiz edir və onun içindəki məzmunu qısa şəkildə izah edir, suallara cavab verir və ya məqalələri ümumiləşdirir.
The Verge texnoloji media qurumu bu funksiyanı test edib və qeyd edir ki, Gemini saytların müxtəlif bölmələrini – məqalələri, şərhləri, başlıqları və məhsul təsvirlərini uğurla oxuyub istifadəçiyə çatdıra bilir. Xüsusilə YouTube videolarındakı reseptləri izah etmək, texniki videolarda göstərilən alətləri müəyyənləşdirmək kimi hallarda bu funksiya çox faydalıdır.
Lakin bəzi məhdudiyyətlər də var. Məsələn, Gemini yalnız bir vərəqə baxa bilir və istifadəçi başqa bir səhifəyə keçdikdə oradakı məlumatları yenidən göstərmək lazımdır. Bundan əlavə, cavablar bəzən uzun olduğu üçün brauzerdə açılan pəncərədə oxumaq çətin ola bilər. Bəzi hallarda video məlumatlarını tam dəqiqliklə ötürə bilmir, xüsusilə videoda taym-kodlar yoxdursa və ya kontekst qeyri-müəyyəndirsə.
Bu yenilik ilk dəfə olaraq 2024-cü ilin dekabrında AI Studio platformasında nümayiş olunmuşdu. İndi isə geniş istifadəçi auditoriyasına təqdim olunaraq süni intellektin gündəlik istifadə imkanlarını bir addım daha irəli aparır.