Az | EN

Google-dan Yeni Süni İntellekt Çipi: Ironwood

Nigar Sultanli
07 Noyabr 2025 18:58
53 baxış
Google-dan Yeni Süni İntellekt Çipi: Ironwood

Google şirkəti Süni İntellekt modellərinin öyrədilməsi üçün nəzərdə tutulmuş Ironwood adlı yeddinci nəsil Tensor Prosessorlarını (TPU) təqdim etdi. Bu çip, Google-un xüsusi olaraq Sİ modellərini öyrətmək və işə salmaq üçün hazırladığı ilk prosessordur.

Məlumata görə, Ironwood çipinin məhsuldarlığı Nvidia-nın Blackwell qrafik prosessorlarından geri qalmır. Hər bir Ironwood çipinin hesablama gücü 4,6 petaflopa (saniyədə kvadrilyon əməliyyat) çatır. Müqayisə üçün: Nvidia B200 4,5 petaflops, Nvidia GB200 və GB300 isə 5 petaflops güc təmin edir.

Ironwood çipləri yaxın həftələrdə bazara çıxarılacaq və iki əsas konfiqurasiyada — 256 və ya 9216 çipdən ibarət "supermodullar" şəklində təklif ediləcək. Sİ sahəsində fəaliyyət göstərən Anthropic şirkəti, "Claude" modelini öyrətmək üçün bir milyon ədəd yeni Google çipindən istifadə etməyi planlaşdırdığını açıqlayıb.

Google Ironwood çipini ilk dəfə 2025-ci ilin aprelində "Google Cloud Next 25" konfransında təqdim etmişdi. Bu inkişaf, Sİ çipləri bazarında rəqabətin gücləndiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Nvidia şirkəti 29 oktyabrda 5 trilyon dollar kapitallaşmaya çatan dünyanın ilk şirkəti olmuşdur. Nvidia-nın rəhbəri Censen Xuan 2026-cı ildə buraxılacaq Blackwell və Rubin nəsil çiplərinin ümumi satış həcminin 500 milyard dollara çata biləcəyini proqnozlaşdırıb.

© copyright 2022 | tech.az | info@tech.az