ABŞ-ın texnologiya nəhəngi Google Hindistanda iri həcmli data mərkəzi (data center) şəbəkəsi qurmağa hazırlaşır. Şirkət Andhra Pradesh ştatında 1 giqavat gücündə olacaq mərkəzin tikintisinə 28 aprel tarixində başlamağı planlaşdırır.
Layihənin ümumi investisiya dəyəri təxminən 15 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Üç ayrı kampusdan ibarət olacaq bu infrastrukturun 2028-ci ilin iyul ayına qədər mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.
Layihənin icrasını Google-un yerli törəmə şirkəti — Raiden Infotech India Private Limited həyata keçirir. Bu prosesdə şirkət Hindistanın infrastruktur sahəsində fəaliyyət göstərən Adani Infra (India) Limited ilə əməkdaşlıq edir. Eyni zamanda, layihə üçün torpaq ayrılması Andhra Pradesh Industrial Infrastructure Corporation tərəfindən təsdiqlənərək Adani Infra-ya təqdim olunub.
Planlara əsasən, data mərkəzi qovşağına sualtı kabel çıxış nöqtələri (submarine cable landings), kabel qəbulu stansiyaları və şəhərdaxili fiber-optik şəbəkələr də daxil ediləcək. Bu da layihənin yalnız regional deyil, qlobal məlumat trafiki üçün strateji əhəmiyyət daşıdığını göstərir.
Mütəxəssislərin fikrincə, bu investisiya Hindistanın rəqəmsal infrastrukturunu gücləndirməklə yanaşı, ölkəni regionun əsas data mərkəzi hablarından birinə çevirə bilər.
