Google şirkəti Lyria 3 modelindən cəmi bir ay sonra daha inkişaf etmiş Lyria 3 Pro versiyasını təqdim edib.
Yeni model əvvəlki versiyada olan 30 saniyəlik musiqi limiti əhəmiyyətli dərəcədə artıraraq 3 dəqiqəyə çatdırıb. Bu da istifadəçilərə tam uzunluqlu musiqi parçaları yaratmağa imkan verir. Lyria 3 Pro musiqi strukturunu daha yaxşı anlayır və intro, nəqarət (chorus) və keçid (bridge) kimi hissələrin mətn əmrləri ilə daha detallı qurulmasını təmin edir.
Model Gemini tətbiqində ödənişli istifadəçilər üçün əlçatan olub. Bundan əlavə, texnologiya Google Vids və Google-ın yeni əldə etdiyi ProducerAI kimi alətlərə də inteqrasiya edilib. Korporativ istifadəçilər isə sistemi Vertex AI, Gemini API və AI Studio vasitəsilə istifadə edə bilirlər.
Müəllif hüquqları və etik məsələlərlə bağlı olaraq Google bildirir ki, model yalnız tərəfdaş nəşriyyatların, həmçinin YouTube və digər platformalardakı icazəli məlumatlar əsasında öyrədilib. Şirkət qeyd edir ki, sistem konkret ifaçıları birbaşa təqlid etmir, lakin istifadəçi sorğularında müəyyən sənətçi adı göstərildikdə onun üslubundan ümumi ilham ala bilər.
Yaradılan bütün musiqilər şəffaflığı təmin etmək üçün SynthID texnologiyası ilə işarələnir. Bu fonda Spotify da süni intellektlə yaradılan məzmunların nəzarəti üçün yeni alətlər təqdim edib.
