Az | EN

Harmonic startapının bazar dəyəri 1.45 milyard dollara çatıb

Nigar Sultanli
27 Noyabr 2025 11:39
28 baxış
Harmonic startapının bazar dəyəri 1.45 milyard dollara çatıb

Robinhood platformasının rəhbəri Vlad Tenevin həmtəsisçisi olduğu Harmonic startapı növbəti maliyyələşmə mərhələsində 120 milyon dollar həcmində yeni investisiya cəlb edib. Bu son əməliyyatla birlikdə, hələ kommersiya gəliri əldə etməyən startapın ümumi bazar dəyəri 1.45 milyard dollara yüksəlib. Bu, şirkətin son 14 ayda əldə etdiyi üçüncü böyük maliyyələşmədir və startapın indiyədək cəlb etdiyi ümumi vəsait 295 milyon dollara çatıb.

Layihənin əsas məqsədi hazırkı süni intellekt sistemlərinin ən böyük çatışmazlığı olan yanlış məlumat vermə və ya faktları təhrif etmə problemini aradan qaldırmaqdır. Harmonic şirkətinin hazırladığı Aristotle adlı model digərlərindən fərqli işləyir. Bu sistem cavabları adi mətn kimi deyil, doğruluğu riyazi yolla yoxlanıla bilən proqram kodu formatında təqdim edir. Riyazi superintellekt adlanan bu yanaşma sistemin məntiqi səhvlər buraxmasının qarşısını almağa xidmət edir.

Layihəyə Ribbit Capital, Sequoia və Kleiner Perkins kimi nüfuzlu fondlar dəstək verib. Startapın rəhbəri Tudor Açim bildirib ki, yeni cəlb edilən investisiya əsasən modellərin inkişafı üçün tələb olunan güclü hesablama resurslarına yönəldiləcək. Şirkət gələcəkdə bu texnologiyanı aviasiya, maliyyə və avtomobil sənayesi kimi təhlükəsizliyin kritik əhəmiyyət daşıdığı sahələrdə tətbiq etməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az