Az | EN

Harvey “OpenAI”dən kənara çıxaraq Google və Anthropic modellərdən istifadə edəcək

Nigar Sultanli
14 May 2025 09:44
44 baxış
Harvey “OpenAI”dən kənara çıxaraq Google və Anthropic modellərdən istifadə edəcək

Məşhur hüquqi süni intellekt aləti Harvey, artıq yalnız OpenAI-nin modelləri ilə kifayətlənməyəcək. Bloq yazısında bildirib ki, bundan sonra Anthropic və Google tərəfindən yaradılmış qabaqcıl foundation modellərindən də istifadə edəcək. Bu, OpenAI-nin əsas rəqibləri üçün böyük uğur kimi qiymətləndirilir.

Maraqlısı budur ki, Harvey, OpenAI Startup Fund tərəfindən erkən mərhələdə dəstəklənən və böyük uğur qazanan ilk şirkətlərdən biridir. Bu fond, OpenAI-nin texnologiyaları üzərində məhsullar hazırlayan startaplara investisiya qoyan bir təşəbbüsdür və Harvey də 2022-ci ilin dekabrında bu fondun ilk dəstəklədiyi dörd şirkətdən biri olub. (Digərləri Descript, Mem və Speak startaplarıdır.)

2025-ci ilin fevralında Harvey, 3 milyard dollarlıq bazar dəyəri ilə özünü təsdiqlədi və Sequoia Capital rəhbərliyində keçirilən 300 milyon dollarlıq D seriyalı investisiya raundunu elan etdi. Bu raundda OpenAI Fund da iştirak edib. Maraqlıdır ki, Google Ventures (GV) artıq 2024-cü ilin iyulunda keçirilmiş C raunduna 100 milyon dollarlıq sərmayə ilə liderlik etsə də, Harvey dərhal Google modellərinə keçid etməmişdi.

Bəs nə baş verdi ki, Harvey indi OpenAI modellərindən kənara çıxmağa qərar verdi? Şirkət daxilində aparılan “BigLaw” adlı benchmark testləri göstərdi ki, müxtəlif foundation modelləri hüquqi sahədə fərqli tapşırıqları yerinə yetirməkdə daha bacarıqlıdır və bəzən OpenAI modellərindən daha yaxşı performans göstərir.

Buna görə Harvey model hazırlamaq əvəzinə, artıq mövcud olan yüksək performanslı modelləri (Anthropic, Google və s.) istifadə edib, onları hüquqi sahəyə uyğunlaşdırmaq yolunu seçib. Bu yanaşma həm effektivliyi artırır, həm də müxtəlif AI agentlərinin inkişafı üçün şərait yaradır.

Məsələn:

Google-un Gemini 2.5 Pro modeli hüquqi sənədlərin hazırlanmasında mükəmməl nəticə göstərsə də, məhkəmədən əvvəlki mərhələlərdə, məsələn, şifahi arqumentlərin yazılmasında zəif performans göstərir. Səbəb isə modelin kompleks sübut qaydalarını (məsələn, “eşitmə” (hearsay) qaydaları) tam anlamamasıdır.

OpenAI-nin o3 modeli isə bu cür hüquqi tapşırıqlarda daha üstün çıxış edir.

Anthropic-in Claude 3.7 Sonnet modeli isə o3 modelini yaxından izləyir.

Harvey əlavə olaraq, hüquqi sahədə süni intellekt modellərinin performansını qiymətləndirən ictimai reytinq lövhəsi (leaderboard) yaradacağını da açıqlayıb. Şirkət sadəcə modellərin ümumi nəticələrini deyil, tanınmış hüquqşünasların şərhlərini və təhlillərini də paylaşaraq, modellərin üstün və zəif tərəflərini daha dərindən təqdim etməyi planlaşdırır.

Harvey-in bu addımı OpenAI üçün həm uğur, həm də çağırışdır. Çünki onların dəstəklədiyi startap indi rəqib modelləri də istifadə edir və eyni zamanda sahədəki rəqabəti gücləndirir. Amma hələ ki, OpenAI-nin bu sahədəki nüfuzu yüksək olaraq qalır.

Harvey-in CEO-su Winston Weinberg, TechCrunch-a verdiyi açıqlamada bildirib:

“Harvey üçün OpenAI kimi bir sərmayədar və mühüm tərəfdaşımız olduğu üçün çox şanslıyıq. Eyni zamanda, dünyada müştərilərimizin ehtiyaclarına cavab vermək üçün yeni model seçimləri əlavə etdiyimiz üçün həyəcanlıyıq.”

Bu inkişaflar, süni intellektin hüquq sahəsində necə sürətlə inkişaf etdiyini və müxtəlif AI modellərinin inteqrasiyasının getdikcə daha da vacib olduğunu göstərir.

© copyright 2022 | tech.az | info@tech.az