Az | EN

Hesablama Palatası ilk dəfə süni intellekt əsaslı "Auditor köməkçisi" tətbiq edəcək

Cəmil Hüseynzadə
18 Noyabr 2026 12:52
78 baxış
Hesablama Palatası ilk dəfə süni intellekt əsaslı "Auditor köməkçisi" tətbiq edəcək

Azərbaycanda dövlət auditində ilk dəfə süni intellekt əsaslı "Auditor köməkçisi" tətbiq ediləcək.

Bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Dövlət auditinin rəqəmsallaşdırılması fəaliyyətimizi qabaqcıl təcrübələrlə uyğunlaşdırmaq və rəqəmsallaşma meyillərinə cavab vermək istiqamətində strateji təşəbbüslərimizdən biridir. Dövlət auditi" informasiya sisteminin funksionallıqlarının təkmilləşdirilməsi, "Elektron hökumət" informasiya sistemi üzərindən dövlət qurumları ilə məlumat mübadiləsi üçün imkanların artırılması, formalaşdırılmış məlumat bazaları üzrə süni intellektin tətbiqi nəzərdə tutulub. ​Bu xərc hesabına təxminən 10 qurumun informasiya sistemlərinə inteqrasiyanı, data analitikası alətindən istifadə edilməklə dövlət auditində böyük verilənlərin təhlilini, ilk dəfə olaraq auditor köməkçisi adlı süni intellekt təhlilinin tətbiqini, habelə hesabat və məlumatların rəqəmsal hallar vasitəsilə qiymətləndirilməsini nəzərdə tuturuq. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərimizin 10%-ni təşkil edəcək", - deyə o qeyd edib.

Bundan başqa, sədr müavini deyib ki, gələn il Hesablama Palatası azı iki dövlət informasiya sistemini audit edəcək: "Dövlət idarəetməsində informasiya texnologiyalarının rolunun artmasını nəzərə alaraq, Palata diqqəti bu sahədə audit potensialının gücləndirilməsinə və institusional təcrübənin inkişaf etdirilməsinə yönəldib. Gələn il auditlərdə informasiya sistemlərinin auditinin elementlərinin tətbiqi təcrübəsinin artırılmasını, minimum iki sayda dövlət informasiya sisteminin müvafiq meyarlar əsasında qiymətləndirilməsini, informasiya sistemi auditi üzrə kadr potensialının gücləndirilməsini, sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsini və metodoloji bazanın qurulmasını, təlim proqramlarında iştirakın təmin olunmasını nəzərdə tuturuq. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərimizin 4 %-ni təşkil edəcək".

© copyright 2022 | tech.az | info@tech.az