Az | EN

OpenAI GPT-6.2 Astra və GPT-6.2 Sol modellərini təqdim edib

Cəmil Hüseynzadə
18 Noyabr 2026 10:40
106 baxış
OpenAI GPT-6.2 Astra və GPT-6.2 Sol modellərini təqdim edib

OpenAI şirkəti mürəkkəb layihələr və gündəlik işlər üçün nəzərdə tutulan GPT-6.2 Astra və GPT-6.2 Sol modellərini təqdim edib. Hər iki model ChatGPT Work və Codex platformalarında, həmçinin API vasitəsilə əlçatan olacaq.

GPT-6.2 Astra şirkətin ən mürəkkəb layihələr üçün nəzərdə tutduğu qabaqcıl modeldir. OpenAI bildirir ki, yeni modelin hazırladığı slaydlar, cədvəllər və sənədlər daha az süni intellekt tərəfindən yaradılmış təsiri bağışlayır. Kodun keyfiyyəti yaxşılaşdırılıb, hazırlanan sayt və oyunların həm görünüşü, həm də işləmə qabiliyyəti təkmilləşdirilib.

Süni intellekt agentlərinin iş prosesində proqram təminatından istifadə bacarıqlarını qiymətləndirən Agents’ Last Exam testində GPT-6.2 Astra maksimum hesablama səviyyəsində 77,6% nəticə göstərib. Bu nəticə üçün sorğuların ümumi xərci 4,47 dollar təşkil edib. Müqayisə üçün, 2026-cı ilin sentyabrında təqdim olunan GPT-6 Astra eyni testdə 73,1% nəticə göstərmiş və 8,99 dollar xərc yaratmışdı.

OpenAI-ın fikrincə, GPT-6.2 Astra alimlər üçün dünyanın ən yaxşı modeli olmaqla yanaşı, kibertəhlükəsizlik sahəsində tapşırıqlar üçün də şirkətin indiyədək hazırladığı ən güclü modeldir.

GPT-6.2 Sol isə gündəlik işlər üçün nəzərdə tutulan universal modeldir. Sentyabrın sonunda təqdim edilən GPT-6.1 Sol ilə müqayisədə yeni versiya daha ağıllı və səmərəli işləyir, eyni abunə planı çərçivəsində daha çox tapşırığın yerinə yetirilməsinə imkan verir. Şirkət hər iki yeni modelin hazırlanması zamanı ən sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu vurğulayıb.

GPT-6.2 Astra və GPT-6.2 Sol ChatGPT Work və Codex platformalarında Plus, Pro, Enterprise və Edu abunəçiləri üçün əlçatandır. Ayda 500 dollar ödəyən Pro 500 istifadəçiləri hər iki modeldə Ultrafast rejimindən yararlana bilərlər. Ayda 200 dollar ödəyən Pro 200 abunəçiləri üçün isə bu rejim ilkin mərhələdə yalnız GPT-6.2 Sol modelində təqdim olunur.

API üzrə standart qiymətlər belədir:

ModelGiriş tokenləri (1 milyon)Keşlənmiş giriş tokenləri (1 milyon)Çıxış tokenləri (1 milyon)

GPT-6.2 Astra8 dollar0,40 dollar40 dollar

GPT-6.2 Sol2 dollar0,10 dollar10 dollar

© copyright 2022 | tech.az | info@tech.az