OpenAI iyul ayında dünyanın müxtəlif ölkələrində seçilmiş akademik müəssisələrdə çalışan 100 min alim, riyaziyyatçı və mühəndisə pulsuz ChatGPT imkanı yaratmaq üçün “ChatGPT for Academic Researchers” proqramını elan etmişdi. Proqram çərçivəsində iştirakçılara ChatGPT Pro abunəliyi vasitəsilə şirkətin ən güclü modellərinə, eləcə də tədqiqat alətlərinə, təlimlərə və digər imkanlara çıxış verilirdi.
İyul ayından bəri 33 ölkədən 20 mindən çox tədqiqatçı proqrama qoşulub. OpenAI pilot mərhələdə 1800-dən çox tədqiqatçının ChatGPT-dən necə istifadə etdiyini də araşdırıb. Nəticələrə görə, alimlər platformadan elmi ədəbiyyatı araşdırmaq, sübutları təhlil etmək, kod yazmaq və yeni tədqiqat ideyaları hazırlamaq üçün yararlanıblar. Sorğuda iştirak edən tədqiqatçılar eyni işi süni intellektdən istifadə etmədən, eyni keyfiyyətdə tamamlamağın təxminən iki dəfə çox vaxt aparacağını bildiriblər.
OpenAI indi proqramın əhatə dairəsini iki dəfə artıraraq 200 min tədqiqatçıya çatdırmağı planlaşdırır. Lakin yeni iştirakçılar üçün mühüm dəyişiklik var: ilkin mərhələdə iştirakçılara ChatGPT Pro təqdim edildiyi halda, növbəti mərhələdə daha münasib qiymətli ChatGPT Plus abunəliyi veriləcək.
Şirkət bu qərarı pilot proqramın nəticələri ilə izah edir. OpenAI-ın bildirdiyinə görə, indiyədək iştirakçıların əksəriyyəti ChatGPT Pro-nun bütün imkanlarından tam istifadə etməyib. Buna görə də proqramı daha çox tədqiqatçı üçün əlçatan etmək məqsədilə Plus tarifinə keçid qərarı verilib.
OpenAI növbəti müraciət mərhələsini noyabrın 23-də açacaq və 50 min yeni pulsuz giriş dəstəyi təqdim edəcək. Hər dəstək bir tədqiqatçını və onun iki nəfərədək həmkarını əhatə edə bilər. Beləliklə, əlavə olaraq 150 minədək tədqiqatçı pulsuz ChatGPT Plus imkanından yararlana biləcək.
Əvvəlki müraciət mərhələsində uyğun namizədlər püşkatma yolu ilə seçilirdi. Yeni mərhələdə isə dəstəklər tələblərə cavab verən müraciətçilərə müraciət ardıcıllığına əsasən veriləcək. Artıq gözləmə siyahısında olan tədqiqatçılara müraciətlər başlamazdan əvvəl növbəti addımlarla bağlı təlimat göndəriləcək.
OpenAI akademik ictimaiyyət üçün bu proqramdan əlavə daha iki təşəbbüs də təqdim edir. Bunlardan biri universitetlər üçün nəzərdə tutulan ChatGPT Edu, digəri isə ABŞ universitetlərindəki uyğun biologiya laboratoriyalarına yönəlmiş Rosalind Academic Plan proqramıdır.
