SpaceX-in qurucusu İlon Mask bildirib ki, şirkəti ulduzlararası səyahətləri reallaşdırmaq və bəşəriyyəti yadplanetli sivilizasiyalarla tanış etmək məqsədi daşıyır. Bu barədə “Vedomosti” nəşri milyarderin Texasda etdiyi çıxışına istinadən yazıb.
“Biz ‘Ulduz yolu’nun gerçəyə çevrilməsini istəyirik”, – deyə amerikalı sahibkar qeyd edib. Onun sözlərinə görə, bu gün elmi fantastika kimi görünən ideyalar gələcəkdə elmi fakta çevrilə bilər.
Daha əvvəl The New York Times İlon Maskın Marsın koloniyalaşdırılması ilə bağlı planlarını ətraflı şəkildə hazırladığını yazmışdı. Bildirilirdi ki, SpaceX komandaları Marsda yaşamaq üçün qübbə formalı yaşayış komplekslərinin və xüsusi skafandrlərin çertyojları üzərində işləyirlər.
Həmçinin ayrı-ayrı həkim qrupları Qırmızı Planet şəraitində uşaqların dünyaya gəlməsi imkanlarını araşdırıblar. Gələcək koloniyanın genetik materialla təmin olunmasına Maskın özü hazır olduğunu bildirmişdi.
Lakin sonradan SpaceX-in qurucusu Marsın koloniyalaşdırılması ilə bağlı bu məlumatları təkzib edib. Hazırda isə o, daha iddialı hədəflərdən yadplanetli ağılla təmasın axtarışından açıq şəkildə danışır.
