İlya Suçkeverin "Safe Superintelligence" startapı, hazırda heç bir hazır məhsulu olmasa da, 32 milyard dollar dəyərində qiymətləndirilib. Bu barədə Financial Times məlumat yayıb.
Yatırım turunu Greenoaks Capital Partners rəhbərlik edib və 500 milyon dollar məbləğində investisiya qoyub. Lightspeed Venture Partners və Andreessen Horowitz kimi investisiya firmaları da bu maliyyələşdirmə prosesində iştirak edib.
Bu müqavilə, ABŞ-da makroiqtisadi qeyri-sabitliyə baxmayaraq, tanınmış araşdırmaçılar və mühəndislər tərəfindən dəstəklənən süni intellekt startaplarına olan yüksək marağı göstərir.
İlya Suçkever — OpenAI-nin qurucularından biridir. O, 2024-cü ilin may ayında OpenAI-dən ayrılıb və iyun ayında "Safe Superintelligence" adlı yeni bir startap qurub. Bu startapda onunla birlikdə OpenAI-dəki keçmiş həmkarı Dənyel Levi və Apple şirkətinin süni intellekt inkişafı şöbəsinin keçmiş rəhbəri Dənyel Qross da iştirak edir.
"Safe Superintelligence" şirkəti "təhlükəsiz süper intellekt"in inkişafı ilə məşğuldur. Şirkət kommersiya strukturu olsa da, hələ ki, gəlir əldə etməyib və yaxın gələcəkdə belə bir plan yoxdur. Şirkət, məhsullarını bazara çıxarmaq və monetizasiya etmək üçün bir neçə il tədqiqat və inkişaf işlərinə sərf etməyi planlaşdırır.
2024-cü ilin sentyabr ayında "Safe Superintelligence" NFDG, a16z, Sequoia, DST Global və SV Ange-dən 1 milyard dollar məbləğində investisiya almışdı. O zaman şirkətin qiyməti 5 milyard dollar idi.
2025-ci ilin fevralında Reuters-in məlumatına görə, "Safe Superintelligence" şirkəti qiymətini 20 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib. Yatırım danışıqları zamanı şirkətin qiyməti artıq 30 milyard dollara yüksəlib.