INMerge Ventures dənizçilik texnologiyaları sahəsində fəaliyyət göstərən MagicPort startapının 3 milyon dollarlıq pre-seed investisiya raundunda iştirak edib.
Raunda həmçinin Sturgeon Capital, Hustle Fund, Everywhere Ventures, Transport Capital, Caucasus Ventures, Scorpa Pranedya və digər investorlar qoşulublar.
MagicPort qlobal dəniz daşımaları sənayesi üçün intellektual analitika və avtomatlaşdırma həlləri hazırlayır. Platforma gəmi şirkətləri, gəmi agentləri və digər iştirakçılara liman əməliyyatlarını vahid rəqəmsal platforma üzərindən idarə etməyə, iş proseslərini avtomatlaşdırmağa və real vaxt rejimində əməliyyatları izləməyə imkan verir.
Hazırda şirkətin həllərindən 80-dən çox ölkədə 300-dən artıq şirkət istifadə edir. Platforma əl əməyini azaltmaq, əməliyyat səhvlərini minimuma endirmək, müştəri xidmətlərini yaxşılaşdırmaq və iş proseslərini daha səmərəli idarə etmək üçün nəzərdə tutulub.
INMerge Ventures hesab edir ki, rəqəmsallaşma prosesinin sürətləndiyi qlobal dənizçilik sektorunda MagicPort gələcəkdə əməliyyatların idarə olunması, analitika, uyğunluq və maliyyə xidmətlərini birləşdirən geniş platformaya çevrilə bilər.
