Az | EN

SpaceXAI Cursor ilə birlikdə Grok 4.5 modelini təqdim edib

Cəmil Hüseynzadə
09 İyul 2026 11:56
60 baxış
SpaceXAI Cursor ilə birlikdə Grok 4.5 modelini təqdim edib

SpaceXAI (keçmiş xAI) proqramlaşdırma və süni intellekt agentləri üçün nəzərdə tutulmuş yeni Grok 4.5 modelini təqdim edib. Şirkət modelin Cursor komandası ilə birgə hazırlandığını bildirib. Xatırladaq ki, SpaceXAI 2026-cı ilin iyununda Cursor platformasını satın aldığını elan etmişdi.

Şirkətin açıqlamasına görə, Grok 4.5 proqramlaşdırma, elm və riyaziyyat sahələrini əhatə edən geniş məlumat bazası üzərində təlim keçib. Cursor-un 2026-cı ilin mayında təqdim etdiyi Composer 2.5 əsasən proqramlaşdırma üzrə ixtisaslaşdığı halda, Grok 4.5 daha universal tapşırıqlar üçün hazırlanıb.

Model Mixture of Experts (MoE) arxitekturası üzərində qurulub və mürəkkəb, uzunmüddətli tapşırıqların icrasında yüksək performans göstərir. Şirkətin məlumatına görə, model proqram təminatının hazırlanması ilə yanaşı maliyyə, hüquq və digər sahələrdə də istifadə oluna bilər.

Grok 4.5 süni intellekt agentlərinin qiymətləndirildiyi Terminal-bench 2.1 testində Anthropic şirkətinin Opus 4.8 modelini və Cursor-un Composer 2.5 modelini geridə qoyub.

Cursor-un baş direktoru Michael Truell modeli "Opus səviyyəsində, sürətli və aşağı xərcə malik" həll kimi xarakterizə edib. Grok 4.5 hazırda Cursor, Grok Build və SpaceXAI Console platformalarında əlçatandır. Modelin istifadəsi üçün qiymət 1 milyon giriş tokeni üzrə 2 dollar, 1 milyon çıxış tokeni üzrə isə 6 dollar təşkil edir.

© copyright 2022 | tech.az | info@tech.az