Az | EN

Intel süni intellekt çipi istehsalçısı SambaNova-nı 1,6 milyard dollara alır

Nigar Sultanli
15 Dekabr 2025 16:28
39 baxış
Intel süni intellekt çipi istehsalçısı SambaNova-nı 1,6 milyard dollara alır

Nvidia-nın mütləq hakimiyyətinə qarşı mübarizə aparan Intel, Silikon Vadisinin tanınmış startaplarından biri olan SambaNova Systems-i almağa hazırlaşır. "Bloomberg"in məlumatına görə,  bu satınalma üçün təxminən 1,6 milyard dollar vəsait ayırıb və tərəflər arasında müqavilənin gələn ay imzalanması gözlənilir.

Sövdələşmənin ən diqqətçəkən tərəfi şirkətin kəskin dəyər itkisidir. Belə ki, Stanford professorları tərəfindən qurulan və xüsusi süni intellekt çipləri hazırlayan SambaNova 2021-ci ildə 5 milyard dollar dəyərində qiymətləndirilmişdi. İndiki 1,6 milyard dollarlıq rəqəm isə şirkətin dəyərinin kağız üzərində üç dəfədən çox azaldığını göstərir.

Bu birləşmə təsadüfi deyil; Intel-in CEO-su Lip-Bu Tan həm də SambaNova-nın İdarə Heyətinin üzvüdür və onun risk kapitalı şirkəti startapın ilk investorlarından olub. Tərəflər arasındakı bu yaxınlıq prosesin sürətlənməsinə zəmin yaradır. Intel bu addımla sadəcə texnologiya deyil, həm də ciddi bir kadr potensialı əldə edərək SambaNova-nın memarlığını öz istehsal gücü ilə birləşdirməyi və Nvidia-ya qarşı rəqabət imkanlarını artırmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az