Az | EN

İordaniya və İraq eyni gündə Telegram-ı bloklayıb

Cəmil Hüseynzadə
17 Noyabr 2026 12:41
51 baxış
İordaniya və İraq eyni gündə Telegram-ı bloklayıb

İordaniya və İraq hakimiyyətləri noyabrın 16-da, demək olar ki, eyni vaxtda Telegram messencerinə girişi məhdudlaşdırıblar.

Livanın “An-Nahar” qəzetinin məlumatına görə, ilk olaraq İordaniya Telegram-ın bloklandığını açıqlayıb.

İordaniya İctimai Təhlükəsizlik İdarəsi qərarın istifadəçilərin müdafiəsi, kibercinayətkarlıqla, təhdid və şantaj halları ilə, qanunsuz məzmunun yayılması, eləcə də ekstremizm və radikalizm təbliğatı cəhdləri ilə mübarizə məqsədi daşıdığını bildirib.

Qərar oktyabr ayında ölkənin Kərək vilayətində yunan pravoslav kilsəsinə edilən hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda verilib. Həmin hadisə nəticəsində doqquz nəfər həlak olub. Noyabrın 15-də hücumu törədən üç nəfər ölüm cəzasına məhkum edilib. Bununla belə, Telegram-ın həmin terror aktı ilə əlaqəsini təsdiqləyən hər hansı sübut təqdim edilməyib.

Həmin gün daha sonra İraqın Media və Kommunikasiya Komissiyası (CMC) da messencerin bloklandığını elan edib.

Tənzimləyici qurumun məlumatına görə, qərar baş nazirin göstərişi ilə qəbul edilib. Buna səbəb Telegram-ın qadağan olunmuş məzmunu silməməsi və İraq qanunvericiliyinin tələblərini yerinə yetirməməsidir.

Şirkətə vəziyyəti nizama salmaq üçün 30 gün vaxt verilib. İraq tənzimləyicisi də qərarı ekstremizm, zorakılığa təhrik, kibercinayətkarlıq və milli təhlükəsizliyə təhdidlərlə mübarizə zərurəti ilə əsaslandırıb.

CMC-nin bəyanatında bildirilib: “Bloklamanın məqsədi şirkəti tətbiqdə yayımlanan İraq məzmununa yenidən baxmağa məcbur etməkdir”.

Telegram-dan açıqlama

Noyabrın 16-da Telegram-ın mətbuat xidməti “Kod.ru”ya açıqlamasında şirkətin terrorizmlə mübarizə fəaliyyətinin açıq şəkildə təqdim olunduğunu bildirib.

Şirkətin nümayəndələrinin sözlərinə görə, avtomatlaşdırılmış sistemlər və süni intellekt əsaslı alətlərdən istifadə edən moderatorlar platformanın açıq bölmələrini proaktiv şəkildə izləyir və terror məzmununu mütəmadi olaraq silirlər.

Telegram, həmçinin söz azadlığının, dinc etiraz hüququnun və jurnalist araşdırmalarının qorunmasına sadiq qaldığını vurğulayıb. Şirkət bir milyarddan çox istifadəçisini qorumaq üçün qanunvericiliyin tələblərindən daha geniş tədbirlər gördüyünü bildirib.

Qeyd edək ki, İraqda Telegram ilk dəfə bloklanmır. 2026-cı ilin aprelində messencer İraq Kürdüstanı istisna olmaqla, ölkənin bütün vilayətlərində bağlanmışdı. May ayında isə şirkətin yerli tələblərə əməl edəcəyinə dair vədindən sonra giriş bərpa olunmuşdu.

Bundan əvvəl, 2023-cü ilin avqustunda da Telegram İraqda təxminən bir həftə müddətinə bloklanmışdı.

© copyright 2022 | tech.az | info@tech.az