Rusiyada məlumat mərkəzlərinin (data mərkəzlərinin) operatorları və böyük həcmdə fərdi məlumatları emal edən şirkətlər hesablama resurslarından ölkə xaricində müvəqqəti istifadə etməyə icazə verilməsini istəyiblər. Bu barədə “Vedomosti” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkətlər müvafiq dövlət qurumlarına müraciətlərini noyabrın əvvəlində göndəriblər. Onlar bu addımla Rusiyadakı məlumat mərkəzlərinin yenidən hücuma məruz qalacağı təqdirdə məlumatların bir hissəsini qorumağı planlaşdırırlar. Belə bir imkan noyabrın 2-də imzalanmış 802 saylı fərmanla nəzərdə tutulub.
Fərmana əsasən, Rusiya informasiya resurslarının fəaliyyətini dəstəkləmək üçün hesablama proseslərinin xaricə köçürülməsinə yalnız hökumətin rəqəmsal inkişaf üzrə komissiyası yanında xüsusi altkomissiyanın qərarı və Federal Təhlükəsizlik Xidmətinin (FSB) razılığı ilə icazə verilə bilər. “Vedomosti”nin məlumatına görə, altkomissiyanın tərkibi hələ formalaşdırılmayıb.
Nəşrin mənbəsi bildirir ki, ölkənin server rəflərinin sayına görə ən böyük 10 məlumat mərkəzi operatorundan ən azı üçü Mərkəzi Asiyadakı provayderlərlə danışıqlar aparır.
Söhbət məlumatların coğrafi ehtiyat nüsxələnməsindən — onların fiziki baxımdan fərqli məkanlarda saxlanılmasından, eləcə də süni intellekt sistemləri üçün GPU hesablama güclərinin icarəsindən gedir. “RTK-TSOD” (keçmiş “Rostelekom-TSOD”) isə belə bir ssenarini nəzərdən keçirmədiyini və tənzimləyici qurumlara müraciət etmədiyini bildirib.
Rəqəmsal İnkişaf naziri Maksut Şadayev noyabrın 12-də məlumat mərkəzlərinin ölkə daxilində qalmasının daha məqsədəuyğun olduğunu söyləyib:
“Əlbəttə, biz onların (məlumat mərkəzlərinin) başqa ölkələrə köçürülməsini deyil, yeraltı infrastruktura yerləşdirilməsini istəyirik”, — deyə nazir bildirib.
EBR hüquq şirkətinin idarəedici tərəfdaşı Aleksandr Juravlyovun sözlərinə görə, fərmanda Rusiya vətəndaşlarının fərdi məlumatlarının xaricdə saxlanılmasına birbaşa icazə verilmir. Fərdi məlumatların lokallaşdırılması ilə bağlı qanunun pozulmasına görə məsuliyyət məlumat mərkəzinin xidmətlərindən istifadə edən şirkətin üzərinə düşəcək. Belə pozuntuya görə cərimə 6 milyon rubla qədər, təkrar pozuntu zamanı isə 18 milyon rubla qədər ola bilər. Bundan əlavə, xidmətin bloklanması riski də mövcuddur.
Qeyd edək ki, eyni fərman kommersiya məlumat mərkəzlərini “ağ siyahı”ya daxil edilmiş xidmətlər üçün hesablama güclərinin 10%-ni ehtiyatda saxlamağa da məcbur edir.
