Az | EN

Kalshi səhm və birja fondlarının ticarətinə başlamaq üçün broker şirkəti alıb

Cəmil Hüseynzadə
17 Noyabr 2026 12:15
70 baxış
Kalshi səhm və birja fondlarının ticarətinə başlamaq üçün broker şirkəti alıb

Proqnoz bazarları platforması Kalshi 2026-cı ilin iyulunda FB Securities broker şirkətini satın alıb. Bu addım şirkətə səhm və birja fondlarının (ETF) ticarətinə başlamaq, eləcə də Robinhood kimi broker platformaları ilə rəqabət aparmaq imkanı verəcək.

The Wall Street Journal və CNBC-nin mənbələrə və sənədlərə istinadən yaydığı məlumata görə, Nyu-Yorkda yerləşən FB Securities 2024-cü ildə yaradılmış kiçik broker şirkətidir. Müəssisənin bəzi əməkdaşlarının Kalshi-yə keçəcəyi bildirilir. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

Broker şirkətinin alınması Kalshi-yə səhm və ETF ticarəti üçün zəruri infrastrukturu və tənzimləyici icazələri təmin edəcək. Nəşrlərin məlumatına görə, platforma bu xidməti 2027-ci ilin yanvarında istifadəyə verə bilər.

CNBC sövdələşməni Kalshi-nin ənənəvi maliyyə bazarlarına daxil olmaq istiqamətində atdığı cəsarətli addım kimi qiymətləndirir. Bu genişlənmə şirkətin əsas biznesi olan idman və digər hadisələr üzrə mərc bazarlarına görə ABŞ ştatları və qanunvericilərlə artan mübahisələr fonunda baş verir.

Broker bazarına daxil olmaq Kalshi-ni həm proqnoz bazarları, həm də səhm ticarəti xidmətləri təklif edən Robinhood ilə birbaşa rəqabətə gətirəcək. Xəbərin yayılmasından sonra Robinhood səhmləri birjadan əvvəlki ticarətdə 7,45% ucuzlaşıb.

Kalshi-nin böyüməsi və maliyyə göstəriciləri

Kalshi 2018-ci ildə Massaçusets Texnologiya İnstitutunda tanış olan Tarek Mansur və Luana Lopes Lara tərəfindən təsis edilib. Platforma istifadəçilərə gələcək hadisələrin nəticələri ilə bağlı proqnozlara əsaslanan müqavilələr üzrə ticarət imkanı yaradır. Şirkət 2024-cü ildə ABŞ prezident seçkiləri ərəfəsində böyük populyarlıq qazanıb.

Platformadakı mərclərin təxminən 65%-i idmanla bağlıdır. 2026-cı ilin mayında Kalshi-də ticarət həcmi 17 milyard dolları ötüb. Bir il əvvəl bu göstərici 5 milyard dollardan az idi.

The Information nəşrinin mənbələrinə görə, şirkət sürətlə artan illik gəlir gözləntiləri fonunda bir neçə bankla ilkin kütləvi səhm təklifi (IPO) barədə qeyri-rəsmi danışıqlar aparır. Mənbələr gözlənilən illik gəlirin 2 milyard dollara çatdığını bildiriblər. Kalshi-nin baş direktoru Tarek Mansur iyunun 24-də şirkətin IPO imkanlarını nəzərdən keçirdiyini, lakin bunun 2026-cı ildə baş tutmayacağını təsdiqləyib.

2026-cı ilin oktyabrında Kalshi 40 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib. Noyabrda Bloomberg şirkətin 65 milyard dollar dəyərləndirmə ilə yeni investisiya raundu üzrə danışıqlar apardığını yazıb.

© copyright 2022 | tech.az | info@tech.az