Az | EN

İran Starlink peyk internetini bloklamağı bacaran ilk ölkədir

Cəmil Hüseynzadə
13 Yanvar 2026 09:32
48 baxış
İran Starlink peyk internetini bloklamağı bacaran ilk ölkədir

İddialara görə, Starlink peyk interneti üçün nəzərdə tutulan qəbuledici qurğular İrana qeyri-qanuni yollarla daxil edilib. İran hakimiyyəti bu xidməti rəsmi olaraq tanımır və onun istifadəsini qanunsuz hesab edir.

Beynəlxalq müşahidəçi qurumların və media mənbələrinin məlumatına əsasən, son günlər ölkədə tətbiq edilən genişmiqyaslı internet blokadası zamanı Starlink bağlantılarının da ciddi şəkildə məhdudlaşdırıldığı müşahidə olunub. Bildirilir ki, əvvəlcə peyk internet trafikinin təxminən 30 faizi kəsilib, bir neçə saat ərzində isə bu göstərici 80 faizdən yuxarı qalxıb.

Ekspertlər hesab edir ki, İran peyk internetini hərbi radioelektron maneə (jammer) texnologiyaları vasitəsilə bloklamağa nail olub. Bu baxımdan İran Starlink kimi qlobal peyk internet xidmətini faktiki olaraq sıradan çıxara bilən ilk ölkə kimi qiymətləndirilir.

Məlumatlara görə, Starlink xüsusilə etiraz aksiyaları zamanı hökumət tərəfindən bloklanan adi internetə alternativ rabitə vasitəsi kimi istifadə olunurdu. Lakin GPS siqnallarının pozulması və peyk terminallarına yönəlik texniki müdaxilə nəticəsində bağlantı bir çox bölgədə ya tamamilə kəsilib, ya da qeyri-sabit hala düşüb.

Rəsmi Tehran məsələ ilə bağlı hələlik açıqlama verməyib. Starlink şirkəti də yayılan iddialara münasibət bildirməyib.

© copyright 2022 | tech.az | info@tech.az