Az | EN

İsrail startapları 2025-ci ildə 15,6 milyard dollar investisiya toplayıb

Nigar Sultanli
22 Dekabr 2025 14:50
50 baxış
İsrail startapları 2025-ci ildə 15,6 milyard dollar investisiya toplayıb

İsrail startapları 2025-ci ildə süni intellekt sahəsindəki iri layihələr sayəsində cəmi 15,6 milyard dollar investisiya toplayıb. Hesabata görə, bu il investisiya raundlarının sayı son on ilin ən aşağı səviyyəsinə (717 raund) düşsə də, cəlb olunan vəsaitin həcmi yüksək qalıb. Bunun əsas səbəbi investisiyaların daha çox böyük sövdələşmələrdə cəmləşməsidir; belə ki, ümumi kapitalın demək olar ki, yarısı 100 milyon dollardan yuxarı olan yatırımların payına düşüb.

Sahələr üzrə ən çox vəsaiti 4,5 milyard dollarla süni intellekt əsaslı proqram təminatı startapları cəlb edib. Kiber-təhlükəsizlik sahəsi isə 4,1 milyard dollar investisiya ilə ikinci yerdə qərarlaşıb. İnvestorların kiber-təhlükəsizlik startaplarına olan marağı bu sahədə şirkət satışlarının daha aktiv olması ilə izah edilir. Məsələn, Palo Alto Networks-ün kiber-təhlükəsizlik üzrə ixtisaslaşan CyberArk-ı 25 milyard dollara satın alması ilin ən diqqətçəkən hadisələrindən olub.

Digər tərəfdən, səhiyyə və tibbi texnologiyalar sahəsində daha çox sayda investisiya raundu keçirilsə də, toplanan vəsaitin həcmi süni intellektlə müqayisədə az olub. Hazırda İsraildə fəaliyyət göstərən 1000-ə yaxın erkən mərhələdə olan startapın böyük hissəsi elmi tutumlu texnologiyalar üzərində işləyir. Bu startapların, xüsusilə süni intellekt və tibb sahəsində çalışanların yaxın gələcəkdə öz layihələrini genişləndirmək üçün daha güclü bulud infrastrukturuna ehtiyac duyacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az