TikTok uzun müddətdir davam edən qeyri-müəyyənliyə son qoyaraq, ABŞ-dəki əməliyyatlarının nəzarətini böyük ölçüdə amerikalı investorlar qrupuna ötürmək barədə razılaşma imzaladı. Bu qərar həm hökumətin milli təhlükəsizliklə bağlı narahatlıqları, həm də şirkətin Çin mənşəli sahibi "ByteDance" üzərindəki təzyiqlər nəticəsində qəbul edilib.
Razılaşmaya əsasən, TikTok-un ABŞ-dəki fəaliyyətini idarə etmək üçün yeni birgə müəssisə yaradılacaq. Bu yeni qurumda "Oracle", "Silver Lake" və BƏƏ mərkəzli "MGX" kimi iri beynəlxalq investorlar iştirak edəcək. İnvestorlar qrupu şirkətin ABŞ əməliyyatlarının 80.1%-nə nəzarət edəcək, "ByteDance" isə şirkətdə 19.9% paya sahib olacaq.
Yeni yaradılan qurum "TikTok USDS Joint Venture LLC" adı ilə fəaliyyət göstərəcək. Şirkət tətbiqin ABŞ-dakı istifadəçi məlumatlarını, məzmunun idarə edilməsini, alqoritm təhlükəsizliyini və proqram təminatı yoxlamalarını həyata keçirəcək. Təhlükəsizlik şərtlərinə riayət olunmasına nəzarət etmək üçün texnologiya nəhəngi "Oracle" rəsmi təhlükəsizlik tərəfdaşı olacaq.
Müqavilənin rəsmi olaraq 22 yanvar 2026-cı ildə tamamlanması planlaşdırılır. Bu razılaşma TikTok-un ABŞ-də qadağan edilməsi riskini aradan qaldırmağı və 170 milyondan çox amerikalı istifadəçinin platformadan istifadəsini təmin etməyi hədəfləyir.
İllərdir davam edən mübahisələrin əsas səbəbi ABŞ hökumətinin TikTok-un Çin şirkəti "ByteDance"in nəzarətindən çıxarılması tələbi idi. Bu razılaşma məlumat təhlükəsizliyini və məzmun idarəçiliyini daha çox Amerika tərəfinin nəzarətinə keçirməklə həmin narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.
