Az | EN

Kaspersky İngiltərədəki ofisini də bağlayır

Cəmil Hüseynzadə
09 Oktyabr 2024 01:08
337 baxış
Kaspersky İngiltərədəki ofisini də bağlayır

Rusiyanın kibertəhlükəsizlik nəhəngi Kaspersky, Böyük Britaniyadakı ofisini bağlayır və əməkdaşlarını ixtisar edir. Şirkət 3 ay əvvəl ABŞ-dakı əməliyyatlarını dayandırıb, onlarla işçini işdən çıxarmışdı. 

Kaspersky-nin sözçüsü Francesco Tius TechCrunch-a göndərdiyi e-məktubda, şirkətin Böyük Britaniya ofisini bağlamağa başladığını və ölkədəki işlərini tərəfdaş kanalları vasitəsilə yenidən quracağını bildirib.

“Bu addım şirkətimizin Böyük Britaniya bazarındakı iş imkanlarını daha səmərəli şəkildə dəyərləndirməsinə və ümumi biznesin inkişafına töhfə verəcək. Böyük Britaniyadakı müştərilərimiz və tərəfdaşlarımız Kaspersky-nin Avropa komandasına və güclü tərəfdaş şəbəkəsinə tam çıxış əldə edəcəklər. Bu şəbəkə vasitəsilə Kaspersky-nin qabaqcıl kibertəhlükəsizlik məhsulları və xidmətlərini təqdim etməyə davam edəcəyik,” deyə Tius bildirib.

London ofisində 50-dən az əməkdaşın çalışdığı qeyd olunur.

Kaspersky-nin Böyük Britaniyada fəaliyyətini dayandırması, şirkət üçün bir sıra mənfi xəbərlərdən biridir. Şirkət illərdir Rusiya hökuməti ilə yaxın əlaqələrdə ittiham olunsa da, bu ittihamları daim inkar edib. İyun ayında ABŞ hökuməti Kaspersky-yə məhsullarını ABŞ bazarında satmağı qadağan etdi və bu da şirkətin ABŞ-dan tamamilə çıxmasına və işçilərini ixtisar etməsinə səbəb oldu.

ABŞ bazarından çəkilmək məcburiyyətində qalan Kaspersky, yeni yaradılmış antivirus şirkəti ilə əməkdaşlıq edərək müştərilərini UltraAV adlı yeni şirkətə transfer etdi. Bəzi Kaspersky istifadəçiləri bu keçid nəticəsində Kaspersky proqramının öz cihazlarından avtomatik olaraq silindiyini və əvəzində UltraAV proqramının quraşdırıldığını görüb. 

Kaspersky bu addımı müdafiə edərək müştərilərinə kifayət qədər xəbərdarlıq etdiyini bildirsə də, proqramın dəyişdirilməsi üçün onlardan açıq razılıq alınmadığını etiraf edib.

© copyright 2022 | tech.az | info@tech.az