Mark Zukerberq və Prissilla Çan tərəfindən qurulan Çan Zukerberq Fondu bərabərlik, sosial ədalət və inklüzivliklə bağlı bütün proqramlarını dayandırıb. Fond əvvəlcə irqçiliyə qarşı mübarizə, immiqrant hüquqları və sosial dəstək layihələrinə maliyyə ayırsa da, bundan sonra yalnız elm və süni intellekt sahələrinə maliyyə ayıracağını elan edib.
Fondun icraçı direktoru Mark Malandro əməkdaşlara göndərdiyi məktubda, “Qanunvericilikdəki dəyişiklikləri nəzərə alaraq, artıq bərabərlik və inklüzivlik üzrə xüsusi komandamız fəaliyyət göstərməyəcək” deyə bildirib.
Bu qərar fondun əvvəl verdiyi vədlərlə ziddiyyət təşkil edir. Bir neçə həftə əvvəl Meta da bənzər proqramları ləğv etdikdən sonra Çan Zukerberq Fondunun bu məsələdə mövqeyinin dəyişib-dəyişməyəcəyi sual altına düşmüşdü. O vaxt fondun insan resursları rəhbəri Mark Gundacker “Meta-nın dəyişiklikləri bizə təsir etməyəcək” desə də, son qərar fondun sosial proqramlardan tamamilə geri çəkildiyini göstərir.
Bundan əlavə, fond elm adamlarına verilən 1,5 milyon dollarlıq mükafatları da ləğv edib və işə qəbul prosesində müxtəlif namizədlərə üstünlük verilməsini tələb edən “Diverse Slate Practice” qaydasını dayandırıb.
Çan Zukerberq Fondu bu qərarla bağlı rəsmi açıqlama verməkdən imtina edib.