Az | EN

Meta çip istehsalına başlayır

Cəmil Hüseynzadə
12 Mart 2025 11:26
79 baxış
Meta çip istehsalına başlayır

Meta çip istehsalına başlamaq üçün Tayvanın qabaqcıl yarımkeçirici istehsalçısı TSMC ilə əməkdaşlığa başlayır. Reuters-in məlumatına görə, şirkət hazırda çipin ilkin sınaqlarını həyata keçirir və uğurlu nəticə əldə olunarsa, istehsal miqyasını genişləndirməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, test prosesi çipin istehsaldan əvvəlki son mərhələsi olan "tape-out" mərhələsinin tamamlanmasından sonra başlayıb. Bu mərhələ adətən üç-altı ay davam edir və on milyonlarla dollara başa gəlir, lakin uğur qarantiyası vermir. Əgər sınaqlar uğursuz olarsa, Meta prosesə yenidən başlamaq məcburiyyətində qalacaq.

Şirkətin öz çiplərinə keçidi hesablamalar üçün infrastruktur xərclərini azaltmağa imkan verəcək. 2025-ci ildə Meta-nın ümumi xərclərinin 114-119 milyard dollar olacağı, bunun 65 milyard dollarının isə süni intellekt infrastrukturu inkişafına yönəldiləcəyi bildirilir.

Meta öz çiplərini 2026-cı ildən etibarən süni intellektin təlim proseslərində tətbiq etməyi planlaşdırır. Əvvəlcə bu texnologiya tövsiyə sistemlərində istifadə olunacaq, daha sonra isə generativ süni intellekt məhsullarına, o cümlədən Meta AI çatbotuna inteqrasiya ediləcək.

© copyright 2022 | tech.az | info@tech.az