Keçmiş OpenAI rəhbəri Mira Muratinin təsis etdiyi Thinking Machines Lab startapı iki həmtəsisçisinin şirkətdən ayrıldığını açıqlayıb. Hər iki həmtəsisçi yenidən OpenAI-də fəaliyyətə başlayır. Bundan əlavə, Muratinin startapında çalışan digər keçmiş OpenAI əməkdaşı da şirkətə geri qayıdır.
Mira Murati sosial şəbəkədə paylaşım edərək şirkətin həmtəsisçisi və texniki direktorunun (CTO) Barret Zofun (Barret Zoph) ayrıldığını bildirib. Onun yerinə Soumith Chintala yeni CTO təyin olunub. Murati Chintalanı süni intellekt sahəsində uzun illər təcrübəsi olan peşəkar lider kimi dəyərləndirib.
Murati açıqlamasında digər ayrılıqlara toxunmasa da, qısa müddət sonra OpenAI-nin tətbiqlər üzrə baş direktoru Fidji Simo Barret Zofun, eləcə də Thinking Machines-in digər həmtəsisçisi Luke Metz və Sam Schoenholz-un OpenAI-yə qayıtdığını təsdiqləyib.
Qeyd edək ki, Barret Zof əvvəllər OpenAI-də tədqiqatlar üzrə vitse-prezident, daha öncə isə Google-da tədqiqatçı kimi çalışıb. Mira Murati isə 2024-cü ilin sentyabrına qədər OpenAI-nin texniki direktoru olub və daha sonra Thinking Machines Lab-ı təsis edib. Startap 2025-ci ilin iyulunda 2 milyard dollarlıq ilkin investisiya cəlb edərək 12 milyard dollar dəyərində qiymətləndirilib.
Mütəxəssislər bildirir ki, startapın yaranmasından bir ildən az müddətdə iki həmtəsisçinin ayrılması şirkət üçün ciddi itki sayıla bilər.
